Türkiyə İrana məxsus “Bank Mellat”ın bank fəaliyyətinə dair lisenziyasını ləğv edib.
Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, 1982-ci ildən Türkiyədə fəaliyyət göstərən bankın lisenziyasının ləğvi ABŞ-ın İrana qarşı tətbiq etdiyi tədbirlər fonunda baş verib.
Qeyd edək ki, “Bank Mellat” Türkiyədə 44 ildən artıq fəaliyyət göstərib.
Bu qərardan qısa müddət əvvəl Ankara İranın “Mahan Air” aviaşirkətinin Türkiyəyə uçuşlarını sentyabrın 21-dən dayandırmaq qərarına gəlib.
“Bank Mellat” İranın Türkiyə ilə iqtisadi əlaqələrində mühüm maliyyə kanallarından biri hesab olunurdu. Bankın Türkiyədəki fəaliyyətinin dayandırılması İran və Türkiyə şirkətləri arasında hesablaşmaları və Türkiyənin beynəlxalq maliyyə əməliyyatlarında aralıq platforma kimi istifadəsini çətinləşdirə bilər.
Bununla belə, qərarın İran-Türkiyə arasında bütün ticarət əlaqələrinin dayanması anlamına gəlmədiyi bildirilir. İranın digər banklar, valyuta mübadiləsi strukturları və alternativ hesablaşma mexanizmlərindən istifadə etmək imkanları qalır. Lakin belə əməliyyatların daha baha və mürəkkəb olması mümkündür.
ABŞ-nin sanksiya tətbiq etdiyi digər İran bankı - “Bank Melli İran” Azərbaycanda da fəaliyyət göstərir. Azərbaycan Mərkəzi Bankının rəsmi reyestrində “Melli İran Bankı Bakı filialı” lisenziya №124 ilə qeydiyyatdadır.
Filiala lisenziya 29 yanvar 1993-cü ildə verilib. Bankın Bakıdakı filialı Nobel prospekti 23 ünvanında yerləşir.
Hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən “Bank Melli İran”ın Azərbaycandakı fəaliyyəti ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Azərbaycan qanunvericiliyinə əsasən, xarici bankların ölkədə filial açması və fəaliyyət göstərməsi üçün müvafiq bank lisenziyası tələb olunur. Bu lisenziyaların verilməsi və ləğvi Mərkəzi Bankın səlahiyyətindədir. (Modern.az)
Bizim.Media





































































































