Qızdırma, öskürək, halsızlıq... Ölkədə hansı virus yayılıb?

Hazırda oxunan: Qızdırma, öskürək, halsızlıq... Ölkədə hansı virus yayılıb?

637617

Son günlər qızdırma, halsızlıq, baş və əzələ ağrıları, burun axması, öskürək kimi şikayətlərlə müraciətlərin artması mövsümi viruslarla bağlı narahatlıq yaradıb. Payızın başlaması ilə tənəffüs yolu infeksiyalarının yayılması müşahidə olunan simptomların hansı xəstəlikdən qaynaqlandığı sualını yenidən gündəmə gətirib.

Səhiyyə Nazirliyi ölkədə epidemioloji vəziyyətin müşahidə olunmadığını açıqlayıb.

Mütəxəssislər isə sadalanan əlamətlərin müxtəlif respirator viruslar zamanı ortaya çıxa biləcəyini, xəstəliyin törədicisini yalnız simptomlara əsasən dəqiq müəyyənləşdirməyin mümkün olmadığını bildirirlər.

Bizim.Media xəbər verir ki, Tibb elmləri doktoru Adil Qeybulla “modern.az”a açıqlamasında bildirib ki, burun axması, öskürək, halsızlıq, qızdırma və başda ağırlıq kimi ümumi tənəffüs yolu simptomları bir çox ölkədə “soyuqdəymə xəstəliyi” adı altında qruplaşdırılır:

“Çünki konkret halda xəstəliyin hansı virus tərəfindən törədildiyini bilmirik. Bunun üçün laboratoriyalarda identifikasiya aparılmalı və nəticə rəsmi şəkildə açıqlanmalıdır. Əks halda xəstəliyin səbəbinin məhz hansı virus olduğunu dəqiq söyləmək mümkün deyil. Yalnız klinik əlamətlərə əsaslanaraq müəyyən ehtimallar irəli sürmək olar”.
 

Mütəxəssisin sözlərinə görə, qrip, koronavirus, adenovirus və digər respirator infeksiyalar oxşar klinik əlamətlərlə müşayiət oluna bilər:

“Əvvəllər qrip, müxtəlif koronaviruslar, adenoviruslar və digər viruslar var idi. Sonradan COVID-19-a səbəb olan koronavirus da bu sıraya qoşuldu və respirator xəstəliklərin diapazonu genişləndi. Payız aylarında belə mənzərə ilə daha çox qarşılaşırıq”.

Xəstələnən şəxs ətrafındakıları da yoluxdurur

Adil Qeybulla qeyd edib ki, insan özünü xəstə hiss etdiyi halda kollektivə və ya dərsə getdikdə infeksiyanın yayılmasına səbəb ola bilər:

“İnsan soyuqladıqda, kondisionerin altında və ya küləkli havada uzun müddət qaldıqda tənəffüs yollarındakı viruslar fəallaşa bilər. Daha sonra həmin şəxs ətrafdakılar üçün yoluxma mənbəyinə çevrilir. O, maska taxmadan işə və ya dərsə gedir, nəticədə kollektivdəki digər insanlar da xəstələnirlər. Beləliklə, yoluxma zənciri yaranır və infeksiya daha geniş yayılır”.

Həkim hesab edir ki, xəstəlik əlamətləri olan insanların başqalarını qorumaq üçün məsuliyyətli davranması vacibdir:

“Bu baxımdan Yaponiyada müəyyən xəstəlik mədəniyyəti formalaşıb. İnsan özünü zəif hiss etdikdə və ya xəstələndiyini anladıqda dərhal maska taxır. Xüsusilə insanların sıx olduğu yerlərdə maskadan istifadə etməklə həm özünü, həm də ətrafındakıları qorumağa çalışır”.

Pandemiyadan lazımi dərsi çıxarmamışıq

Adil Qeybullanın fikrincə, Azərbaycanda maskadan düzgün istifadə vərdişi hələ də tam formalaşmayıb:

“Biz pandemiyadan lazımi dərsi çıxarmamışıq. Bəziləri maska taxsa da, burnu və ya ağzı açıq saxlayır. Bəzən maskadan elə istifadə olunur ki, onun qoruyucu əhəmiyyəti qalmır. Çoxları ‘maskada boğuluram’ və ya ‘narahat oluram’ deyərək bundan yayınmağa çalışır”.

Mütəxəssis pandemiya dövründə qoruyucu tədbirlərə əməl etməməyin ağır nəticələrinin müşahidə olunduğunu xatırladıb:

“Koronavirus pandemiyası zamanı insanların bir qismi maskadan istifadə etmədiyinə və tövsiyələri qilarardına vurduğuna görə yoluxdu. Böyük virus dozasına məruz qalmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. İnsanlar ilk növbədə özlərini, eyni zamanda ətrafındakıları qorumağı düşünməlidirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin