"Bakı–Tbilisi–Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdırır, eləcə də regionumuzun qlobal ticarət və logistika şəbəkəsindəki strateji əhəmiyyətini artırır".
Bu bəyanatla Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.
Bizim.Media xəbər verir ki, informasiyanı "Gruziya-onlayn" nəşri yayıb.
Hökumət başçısının sözlərinə görə, marşrut tam istismara verildikdən sonra dəmir yolu xəttinin daşıma gücü ildə 5 milyon tona çatacaq ki, bu da regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək və Orta Dəhlizin rəqabət qabiliyyətini daha da gücləndirəcək.
"Bu, tarixi əhəmiyyətli bir layihədir. O, Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın və nümunəvi əməkdaşlığın növbəti bariz göstəricisidir.
Yeni Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Gürcüstan sahəsi regionda həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Marabdadan Türkiyə sərhədinə qədər olan bu xəttin uzunluğu 180 kilometr təşkil edir. Bunun 153 kilometrlik hissəsi bərpa və yenidən təşkil olunub, həmçinin müasir standartlara cavab verən 27 kilometrlik tamamilə yeni dəmir yolu xətti inşa edilib.
2017-ci ildən bəri sınaq rejimində fəaliyyət göstərən Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə, pilot istismar çərçivəsində 1,8 milyon tondan çox yük, o cümlədən təxminən 90 min konteyner daşınıb.
Bu dövr ərzində yükdaşımaların artan dinamikası özünü aydın şəkildə büruzə verib ki, bu da sözügedən nəqliyyat dəhlizinin iqtisadi və logistik əhəmiyyətini bir daha təsdiqləyir. Bu dəmir yolu xətti Avropa ilə Asiya arasında bağlılığın təmin edilməsində xüsusi rola malik olan Orta Dəhlizin tərkib hissəsidir.
Beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsinin və etibarlı nəqliyyat şəbəkələrinin iqtisadi inkişafın əsas şərti olduğu bir vaxtda — qlobal çağırışlar və böhranlar fonunda bu layihə daha böyük əhəmiyyət kəsb edir", — deyə baş nazir vurğulayıb.
Bizim.Media


































































































