Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində videoformatda çıxışı zamanı səsləndirdiyi fikirlər son dövrlər Avropa institutları tərəfindən Azərbaycana qarşı sərgilənən qərəzli yanaşmanı bir daha ifşa etdi.
Dövlətimizin başçısı konkret faktlara əsaslanaraq Avropa strukturları daxilində vahid yanaşmanın olmadığını və bu parçalanmanın xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi kontekstində daha qabarıq hiss olunduğunu diqqətə çatdırdı.
MÖVZU İLƏ BAĞLI:
Avropa Parlamentinin yalan və böhtanlarına Prezidentdən SƏRT CAVAB – VİDEO
Prezidentin vurğuladığı kimi, Avropa Komissiyası balanslı mövqe sərgilədiyi halda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası açıq şəkildə qərəzli xətt tutaraq Azərbaycana qarşı siyasi təzyiq alətinə çevrilib. Xüsusilə AŞPA-nın 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinə qarşı sanksiya tətbiq etməsi açıq şəkildə “ikili standartların institusionallaşması”dır.
Qarabağdan sonra dəyişən reallıq və Avropanın reaksiyası
2023-cü ilin sentyabrında Qarabağda separatizmin birdəfəlik aradan qaldırılması ilə regionda yeni siyasi reallıq formalaşdı. Bakı faktiki olaraq 30 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin etdi. Lakin bu addımın beynəlxalq hüquq baxımından legitimliyinə baxmayaraq, Avropanın bəzi siyasi mərkəzləri tərəfindən fərqli şəkildə təqdim olunması diqqət çəkdi.
Məhz antiterror tədbirlərindən cəmi dörd ay sonra AŞPA-nın sanksiya qərarı qəbul etməsi təsadüfi deyil. Bu, daha çox yeni reallığı qəbul etmək istəməyən dairələrin reaksiyası, regionda sülhü, sabitliyi pozmaq cəhdidir. Eyni tendensiya Avropa Parlamentinin son beş ildə Azərbaycanla bağlı qəbul etdiyi 14 qətnamədə də özünü göstərir.
44 günlük Vətən müharibəsindən bir neçə ay sonra - 2021-ci ildən başlayaraq - 2026-cı ilin aprel ayına qədər qəbul olunan çoxsaylı qətnamələr “siyasi obsesiya”nın açıq təzahürüdür. Xüsusilə son qətnamənin İrəvandakı sammitdən cəmi bir neçə gün əvvəl qəbul edilməsi onun siyasi motivli olduğunu açıq şəkildə göstərir.
Dezinformasiya və sülh prosesinə zərbə cəhdi
Avropa Parlamenti Azərbaycanı hədəf alaraq yalan və böhtanlar yaymasının səbəbini izah etmək üçün qətnamələrin qəbul olunduğu zamana baxmaq kifayətdir. Qərəzli addımlar Vətən müharibəsindən sonra qızışdı, anti-terror tədbirlərindən sonra daha geniş vüsət aldı, sülh prosesinin irəliləməsi fonunda davam etdi.
Yəni, Avropa institutlarında ölkəmizə qarşı qərəzli yanaşma Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsi ilə birbaşa bağlıdır.
Qeyd etdiyimiz kimi, Avropa Parlamentinin qətnamələrində Qarabağdan ermənilərin “zorla köçürülməsi”, “erməni mədəni irsinin məhv edilməsi”, “müharibə əsirləri” məsələsi və guya Azərbaycanın ərazi iddiaları kimi tezislərdən aktiv istifadə olunur. İş o həddə çatıb ki, Ermənistan hakimiyyəti belə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edir, Qarabağ erməniləri ilə bağlı iddiaları təkzib edən fikirlər səsləndirir. Ancaq Avropa parlamentariləri inadla “Paşinyandan daha çox erməni” olduqlarını sübut etməyə çalışır, əsassız ittihamları təkrarlamağa davam edirlər.
Bu narrativlər yalnız Azərbaycanın imicinə zərbə vurmağa hesablanmayıb, eyni zamanda Vaşinqton vasitəçiliyi ilə əldə olunan sülh razılaşmalarını da risk altına salır. Regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın gücləndirilməsi kimi təşəbbüslərə də məhz bu cür siyasi kampaniyalara kölgə salmağa cəhd edilir.
Lobbi, maliyyə və “kölgə diplomatiyası”
Son dövrlərdə yayılan faktlar Avropadakı anti-Azərbaycan və anti-sülh prosesinin arxasında hansı güclərin dayandığını üzə çıxarıb. Xüsusilə Luis Moreno Okamponun audio və videoyazılarının ifşa olması Avropa institutlarında qərarların necə formalaşdığına dair mənzərəni açıq şəkildə ortaya qoydu.
Okampo və onunla əlaqəli şəbəkə erməni diasporu və oliqarx dairələrinin maliyyə dəstəyi ilə Azərbaycana qarşı informasiya kampaniyaları təşkil edir. Bu kontekstdə Ruben Vardanyan, Samvel Karapetyan kimi oliqarxların adı çəkilir.
Daha diqqətçəkən məqam isə Avropa siyasətçiləri ilə bu şəbəkə arasında əlaqələrdir. Xüsusilə Josep Borrellin bu şəbəkənin sevimli fiqurlarından biri olması Okamponun özü tərəfindən etiraf olunub. Bu faktlar fonunda Avropa Parlamentində qəbul olunan qərarların obyektivliyinə inamdan söhbət belə gedə bilməz.
Bakıdan sərt cavab
Təbii ki, Azərbaycan Avropa institutlarının bu cür sistemli qərəz kampaniyasına səssiz qalmır. Artan təzyiqlərə Azərbaycan institusional səviyyədə cavab verir. Milli Məclisin qəbul etdiyi qərarlarla:
- Azərbaycan Respublikasının Milli Məclisinin Avropa parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırıldı;
- Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyuldu;
- Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanıldı.
Qeyd olunan addımların atılması bir daha sübut etdi ki, heç kim Azərbaycanla təzyiq dilində danışa bilməz. Buna cəhd edənlər layiqli cavablarını alıblar, alırlar və alacaqlar.
Avropanın daxili böhranı
Ümumilikdə isə bu gün Azərbaycana qarşı yalan və böhtan yaymaqla məşğul olan Avropa İttifaqı uzun illərdir özünü “dəyərlər məkanı” kimi təqdim etsə də, qitənin daxilində baş verən proseslər bu imicin getdikcə daha çox sual altına düşdüyünü göstərir. Xüsusilə son illərdə artan ksenofobiya, islamofobiya və antisemitizm halları Avropanın öz daxilində ciddi sosial parçalanma yaşadığını ortaya qoyur. Bu tendensiya miqrasiya böhranı ilə daha da dərinləşir və nəticədə köhnə qitədə radikalizmə meyl güclənir.
Eyni zamanda, qitədə milyonlarla insanı əhatə edən miqrasiya böhranı və artan evsizlik problemi sosial rifah modelinin sarsıldığını göstərir. Bir çox Avropa şəhərlərində küçələrdə yaşayan insanların sayının artması, sosial təminat sistemlərinin əvvəlki effektivliyini itirdiyini nümayiş etdirir.
Bu mənzərə fonunda Avropa institutlarının diqqətini daxili problemlərdən yayındıraraq xarici siyasi kampaniyalara yönəltməsi gülünc görünür. Çünki daxildə həllini gözləyən bu qədər fundamental məsələ olduğu halda, xarici siyasətdə selektiv yanaşmaların prioritetə çevrilməsi “dəyərlər siyasəti”nin səmimi olmadığını sübuta yetirir.
Nəticə: dəyərlər, yoxsa maraqlar?
Bütün bu proseslər bir daha göstərir ki, beynəlxalq siyasətdə “dəyərlər” anlayışı çox zaman real geosiyasi və maliyyə maraqlarının kölgəsində qalır. Avropa Parlamentinin Azərbaycanla bağlı siyasəti də bu kontekstdə qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin sammitdə videobağlantı formatında səsləndirdiyi fikirlər isə yalnız mövcud vəziyyətin tənqidi deyil, həm də xəbərdarlıq mesajıdır: əgər beynəlxalq institutlar obyektivlik və ədalət prinsiplərindən uzaqlaşarsa, onların legitimliyi də sual altına düşəcək.
Cənubi Qafqazda isə yeni reallıq artıq formalaşıb. Bu reallığı qəbul etmək və onunla işləmək əvəzinə, köhnə stereotiplərə söykənən siyasət yürütmək nə sülhə, nə də sabitliyə xidmət edir...
Bizim.Media-nın analitik qrupu

































































































