Kolumbiyada şou zamanı monster-trakın izləyicilərin üzərinə sürülməsi nəticəsində azı 3 nəfər ölüb, təxminən 40 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kolumbiyanın Noticias Caracol telekanalı məlumat yayıb.
Hadisə Kolumbiyanın Popayan şəhərində keçirilən avtomobil şousu zamanı baş verib.
Qadın sürücü tryuk icra edərkən monster-trak üzərində idarəetməni itirib. Nəticədə avtomobil izdihamın olduğu istiqamətə yönəlib və qoruyucu baryerləri aşaraq tamaşaçıların üzərinə gedib.
Hadisə zamanı monster-trak işıq dirəyinə də çırpılıb. Bunun qısaqapanmaya səbəb olduğu bildirilir.
“Reuters” agentliyi isə yerli rəsmilərə istinadən azı 2 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını yazıb. Agentlik sosial şəbəkələrdə yayılan görüntüləri müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.
Qəza ilə bağlı araşdırma aparılır.
Bizim.Media



































































































