Kreml Bakını ƏLƏ SALIR? - Rusiya Qarabağda MƏKRLİ PLANINI İŞƏ SALDI

Hazırda oxunan: Kreml Bakını ƏLƏ SALIR? - Rusiya Qarabağda MƏKRLİ PLANINI İŞƏ SALDI

580047
Rusiya bu dəfə Laçın yolunda pusquya düşdü. Onu pusquya salan isə Cənubi Qafqaza köçmələrində əsas iştirakçısı olduğu, dövlət kimi əsasının qoyulub, başqa qonşu dövlətlərin ərazilərini işğal edərək tərkibinə qataraq sərhədlərini süni şəkildə güc yolu ilə genişləndirdiyi Ermənistan oldu. 
 
Bu, İrəvanın Moskvaya ilk kürəyinə sapladığı xəncər deyil. Yaxın gələcəkdə - 44 günlük müharibədən keçən 2 il ərzində bənzər addımları Nikol Paşinyan hakimiyyəti Kremlə qarşı bir neçə dəfə təkrarladı. Amma Moskva bölgədəki maraqları naminə Ermənistanın tam məhvində əvvəl gündən maraqlı olmadığı kimi, indi də heç maraqlı deyil. 
 
Qarabağdakı havadarlığını etdiyi separatçı rejim ünsürləri ilə əlbir olaraq Azərbaycan ərazilərindəki qızıl və filiz yataqlarını talamaqla məşğul olan Rusiya hərbi kontingentinin komandanlığı iki gün əvvəl Laçın yolunda dəyişikliyi ilə diqqət müşahidə edildi.
 
İlk gündən etirazçılarla üzbəüz dayanan sülhməramlılar indi aksiyanın keçirildiyi ərazidən təxminən 30-40 metrə qədər uzaqlaşıblar. Azərbaycanlı QHT nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, fəal aktivistlərin iştirak etdiyi aksiyanın qarşısını ala bilməyən Rusiya daha Ermənistan cəmiyyətinə "yolu biz bağlamamışıq, buna görə Azərbaycan cavabdehlik daşıyır" mənzərəsi yaratmaq üçün bu addımı atsa da, belə görünür ki, rəsmi Bakı Qarabağ ermənilərini inandırmağı bacarıb ki, Azərbaycanın məqsədi yolu bağlamaq yox, əksinə onların Azərbaycana reinteqrasiyasında maraqlıdır.
 
Sadəcə, buna Rusiya və Qarabağdakı xunta rejimin Moskvadan təyin edilən yeni "dövlət naziri" Ruben Vardanyan başda olmaqla mane olmağa çalışır. Elə bu səbəbdən də aksiyanın davam etdiyi 12 gün ərzində artıq 44 günlük müharibədən bu vaxta kimi heç vaxt olmadığı qədər indi Azərbaycandan kömək istəyən Qarabağ ermənilərinin sayının artdığı ilə bağlı məlumatlar yayılır. 
 
Rusiya yaxşı anlayır ki, bu proses sürətli hal alarsa, Qarabağda varlığı sual altına düşə bilər. Bunun üçün hazırda Kreml daha çevik qərarlar qəbul etməyə başlayıb ki, belə qərarlardan birini ötən gün Rusiya dövlət başçısı Vladimir Putin imzaladı. Kreml rəhbəri erməni əsilli rus milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina ilə bağlı ərizəsini təsdiqləyib.
 
Kremlin PLANI:
 
⚫️ Bununla da Rusiya tərəfi Bakının da tez-tez Ruben Vardanyanın Qarabağa köçünə etirazını ifadə edərək, dolayısı ilə bu prosesdə Moskvanı ittiham etməsinin qarşısını almağa çalışır. Belə ki, Bakı buna görə son zamanlar tez-tez Moskvadan cavab tələb edirdi ki, bu da Azərbaycanla Rusiya münasibətlərinə zərər verəcək bir vəziyyətin yaranmasına gətirib çıxara bilərdi. Moskvaya ən azı indi Ukrayna ilə müharibə fonunda üzləşdiyi blokada və qarşılaşdığı iqtisadi çətinliklər nəzərindən arzuolunmaz bir gediş hesab edilə bilərdi.
 
Beləcə, Putin bu addımı atmaqla Rusiyanı "Vardanyan məsuliyyəti"ndən xilas etmiş oldu. Kreml rəhbəri bu addımı həm də ona görə atdı ki, rəsmi Bakıdan tez-tez səsləndirilən "Biz Qarabağdan olan yerli ermənilərlə, onların içindən çıxan şəxslərlə danışıqlara hər zaman hazırıq. Biz kənardan gəlib özünü onların "rəhbəri" elan edən kəslərlə bir masa arxasında oturmayacağıq" mesenclərinə "Qarabağdakı ermənilərin rəhbəri Ruben Vardanyandır. Bölgədəki yerli ermənilər onu özlərinə lider seçiblər. Vardanyan artıq Rusiya vətəndaşı deyil, onun bütün həyatı və fəaliyyəti artıq Qarabağın erməni əhalisinə aiddir. Gedin onunla nə söhbətiniz var edin" abu-havası yaratmaq niyyətindədir. Bu gedişlə də həm Rusiya, həm Ermənistan, həm də separatçılara havadarlıq edən digər qüvvələr tərəfindən Ruben Vardanyanın Bakı ilə təmaslarda erməni əhalisinin "nümayəndəsi" kimi qəbul edilməsi cəhdləri də artacaq.
 
⚫️ Putinin Vardanyanı Rusiya vətəndaşlığından imtinası ilə bağlı ərizəsini təsdiqləməsi eyni zamanda pambıqla baş kəsməyə də bənzədi. Əslində Ruisyada hakim dairələrə yaxınlığı ilə seçilən, rəsmi Moskvanın marionetkası olduğu faktlarla aşkarlanın R.Vardanyanın qəfil Qarabağa köçünün arxasında Kreml amilinin olduğu öncədən də bəlli idi.
 
Rusiya tərəfi onu öncə Qarabağda separatçı rejimin "başına" gətirməyi planlaşdırdığını vəd edib, sonra isə yolu hətta Ermənistanın baş naziri, prezidenti postlarına qədər uzana bilər. Bununla Moskva növbəti dəfə bölgədə, regionda sülh istəmədiyini, Azərbaycan ərazi bütövlüyünə ən böyük təhdidlərdən biri olduğunu bir daha göstərmiş olur. Rusiya vətəndaşı ola-ola Vardanyanın Qarabağdakı separatçı xunta rejiminə "rəhbər" təyin ediməsinin mümkünsüzlüyün bilən Moskva bu səbəbdən də belə bir qərarı tezləşdirdi.   
 
Amma Azərbaycan ərazisində qərarları rəsmi Bakı verir. Azərbaycan Rusiyaya o səlahiyyəti verməyib ki, Moskvadan Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaradılsın və bundan da daim Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə edilsin. Hazırda bölgədə hərbi hərəkətlilik, hər bir yerdəyişmə Azərbaycan ordusunun nəzarəti altındadır. Laçın yolunda bu qarlı-şaxtalı havada vətəndaş cəmiyyətinin fəalları əliyalın, dinc qaydada aksiyasını davam etdirir. Bu özü bir daha təsdiq edir ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil və günü-gündən Bakının təsir rıçaqları daha da artır. 
 
Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Seçim onların öz əlində - ya Qarabağda qalıb Azərbaycan qanunlarına tabe olaraq öz rahat həyatlarını yaşayacaqlar, ya da Ruben Vardanyanın "dalına vedrə qoşub" bir nəfəsə bölgədən yox olacaqlar. /Milli.az/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin