Azərbaycan hərbçiləri iyulun 28-dən avqustun 11-nə qədər keçirləcək “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarında iştirak edəcək.
Hərbçilərimizin Çin, Rusiya kimi dövlətlərin də yer aldığı bu kimi yarışlarda iştirakı ordumuzun döyüş hazırlığını yüksəltmək, onların peşəkarlığını və təcürbəsini artırmaq baxımından nə dərəcədə zəruridir?
Moderator.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov hərbçilərimizin beynəlxalq yarışlarda ortaya qoyduğu nəticələrin olduqca yüksək və ürəkaçan olduğunu, bu cür yarışların bir çox baxımdan mühüm önəm kəsb etdiyini vurğuladı:
“Azərbaycan ordusu xeyli vaxtdır ki, dünyanın böyük və güclü ordularının yarışlarına dəvət olunur. Istər MDB məkanı, istərsə də NATO məkanına aid yarışlarda ordumuzun özünəməxsus yeri var. MDB məkanında tank-artilleriya yarışları, snayperçilərin və Hava Hücumundan Müdafiə Qüvvələrinin yarışlarında Azərbaycan ordusu hər zaman qabaqcıl yerlərdən birini tutub. Təxminən bir ay bundan əvvəl Azərbaycan xüsusi təyinatlıları Türkiyədə NATO çərçivəsində keçirilən xüsusi təyinatlıların yarışında iştirak etdi. Onlar 28 dövlət arasında birincilik qazandılar. Bütün bunlar onu göstərir ki, Azərbaycanın bu gün nəinki sadəcə silah-sursat potensialı, həm də kadr və mütəxəssis potensialı yüksək səviyyədədir.xa0
Ordumuz bütün yarışlara inamlı şəkildə qatılır və öz yüksək hazırlıq səviyyəsini ortaya qoyur. İnanıram ki, bu yarışdan da Azərbaycan hərbçiləri əliboş qayıtmayacaqlar və həmişə olduğu kimi aparıcı yerlərdən birini tutacaq. Onu da qeyd edim ki, bu cür uğurlar ənənə halını alıb vəxa0 təbii ki, ordumuzun uğurları bizim üçün qürur mənbəyidir”.
Seymur ƏLİYEVxa0































































































