İran rəsmiləri Tehranın müxtəlif rayonlarında yayılan və davamlı xarakter alan xoşagəlməz qoxunun yaranma səbəblərini araşdırmağa davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Rəhbərliyin tapşırığı ilə Tehran əyalətinin şəhərsalma üzrə müavininin koordinatorluğu altında xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibinə Ətraf Mühitin Mühafizəsi Təşkilatı, Tehran meriyası, məhkəmə orqanları, təftiş strukturları və kənd təsərrüfatı xidmətləri kimi əsas qurumlar daxil edilib.
Tehran əyalətinin Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri Həsən Abbasnejad bildirib ki, ekspertlərin müzakirəsi zamanı qoxunun yayılmasına təsir göstərə biləcək 28 potensial mənbə müəyyən olunub.
Əsas yoxlama obyektlərindən biri kimi "Ardakule" tullantı poliqonu qalmaqdadır. Burada zibilin yandırılması, tullantıların toplanması və çirkab suların idarə olunması ilə bağlı problemlər araşdırılır.
Rəsminin sözlərinə görə, poliqonun mövcud vəziyyətə təsir dərəcəsi ilə bağlı ekspertlər arasında fikir ayrılığı var. Bununla yanaşı, ətraf ərazilərdəki sənaye müəssisələri, süd məhsulları istehsalı zavodları, kəsimxanalar və heyvandarlıq kompleksləri də diqqət mərkəzindədir.
Xüsusilə vurğulanıb ki, süd müəssisələri və kəsimxanaların təmizləyici qurğuları artıq istismara verilib və ştat rejimində fəaliyyət göstərir. Heyvandarlıq tullantılarının idarə edilməsi məsələləri isə kənd təsərrüfatı və baytarlıq strukturları ilə yanaşı, Tehran Universitetinin də daxil olduğu müvafiq qurumların icraatına verilib.
Səlahiyyətli orqanlar bəyan ediblər ki, bütün cavabdeh qurumlar çirklənmə mənbələrinin aradan qaldırılması üçün tədbirlər görməyə borcludurlar və araşdırmalar problemin dəqiq səbəbləri tam üzə çıxana qədər davam etdiriləcək.
Bizim.Media






























































































