Rusiyanın Vladimir vilayətindən olan çilingər lotereyada 56 milyon rubldan çox pul udub.
Bizim.Media xəbər verir ki, bu barədə “Stoloto” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Hər şey və ya heç nə” dövlət lotereyasının 171453-cü tirajında 56 117 477 rubl məbləğində super mükafat oynanılıb.
Qalib Vladimir vilayətindən olan Yevgeni adlı çilingər olub.
Lotereyanın qaydalarına əsasən, super mükafatı udmaq üçün 24 rəqəmdən 12-ni düzgün tapmaq və ya heç bir rəqəmi tapmamaq lazımdır. Yevgeni biletdəki rəqəmlərdən heç birini düzgün tapmayıb və nəticədə böyük mükafata sahib olub.
Qalibin sözlərinə görə, böyük uduşdan bir gecə əvvəl yuxusunda lotereyada qalib gəldiyini görüb. Səhər isə hamamda böyük hörümçəyə rast gəlib.
Xalq inancına görə, evdə böyük hörümçək görmək pul əlaməti sayılır. Yevgeni də məhz bu “işarələrdən” ruhlanaraq həmin gün bir neçə lotereya bileti alıb.
“Stoloto”dan bildirilib ki, Yevgeni axşam daha bir bilet alıb və məhz sonuncu bilet ona super mükafatı qazandırıb.
Qeyd edək ki, aprelin 13-də də Rusiyada “Hər şey və ya heç nə” lotereyasında oxşar hal baş vermişdi. Moskva sakini Roman T. biletdə heç bir rəqəmi düzgün tapmayaraq 33 milyon rubldan çox pul udmuşdu.
Bizim.Media































































































