Aprelin 6-da güclü sel səbəbindən uçmuş Gəndab-Yalama-Xudat-Rusiya sərhədi yolunun Xaçmazın İstisu qəsəbəsindən keçən hissəsində yaranmış iri çalaya avtomobil düşüb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, “Opel” markalı avtomobil bağlanmış yolun kənarı ilə hərəkət edərkən həmin yerə düşüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmazdakı 4 saylı yol istismar idarəsindən bildirilib ki, yolun bu hissəsi rəsmi şəkildə bağlanıb.
Həmin yolda təhlükəsizlik işarələri də qoyulub, lent başlanıb. Amma bəzi sürücülər buna məhəl qoymur, məsafəni azaltmaq üçün bağlı yoldan keçməyə çalışırlar. Bu da yolverilməzdir. Əslində belə sürücülər nəinki yolu qısaldır, həm də öz həyatlarını təhlükəyə atırlar.
Verilən məlumata görə,qəzalı yolda çalaya düşən avtomaşının sürücüsü xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

































































































