Azərbaycanda pasiyentin üzü bərpa edildi: 10 saatlıq unikal əməliyyat keçirildi – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanda pasiyentin üzü bərpa edildi: 10 saatlıq unikal əməliyyat keçirildi – FOTO/VİDEO

609613

Azərbaycanda aşağı çənənin bərpası üzrə unikal yüksək texnologiyalı əməliyyat uğurla həyata keçirilib.

Bizim.Media xəbər verir ki, əməliyyat Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində aparılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu əməliyyat nazirliyin tapşırığı ilə yaradılan Plastik və Rekonstruktiv Cərrahiyyə şöbəsinin həkimləri tərəfindən mərkəzdə ilk dəfə icra olunub.

Təxminən 10 saat davam edən əməliyyatda müxtəlif ixtisaslar üzrə cərrahi briqadalar iştirak edib.

Baş və boyun nahiyəsində əməliyyat üz-çənə cərrahı-onkoloq, tibb elmləri doktoru, professor Məhəmməd Davudov və şöbə müdiri, plastik və rekonstruktiv cərrah, tibb elmləri doktoru Elçin Məmmədov tərəfindən yerinə yetirilib.
 

Mikrocərrahi transplantasiya mərhələsini isə üz-çənə cərrahı, tibb üzrə fəlsəfə doktoru Kamil Abdullayev və üz-çənə cərrahı Vəlidxan Abbasov həyata keçiriblər.


Əməliyyatın uğurlu alınması dəqiq rəqəmsal planlaşdırma, xüsusi tibbi avadanlıq və anestezioloqlar, onkoloqlar, üz-çənə, plastik və rekonstruktiv cərrahların koordinasiyalı işi sayəsində mümkün olub.

Məlumata görə, bir il yarım əvvəl pasiyentin baş və boyun nahiyəsində geniş yayılmış bədxassəli törəmə səbəbindən aşağı çənəsinin yarısı çıxarılıb və həmin nahiyəyə titan konstruksiya yerləşdirilib.

Son əməliyyat zamanı müasir tibbi texnologiyalardan istifadə edilməklə əvvəllər quraşdırılmış titan lövhə çıxarılıb. Aşağı çənənin yarısı pasiyentin öz sümüyü — baldırın kiçik qamış sümüyü əsasında bərpa edilib.

Mikrocərrahi rekonstruksiya zamanı sümük strukturu pasiyentin ayağından götürülərək üz nahiyəsinə köçürülüb. Bu zaman damarlar yüksək dəqiqliklə birləşdirilib.

Mütəxəssislərin sözlərinə görə, bu yanaşma onkoloji əməliyyatdan sonra üzün itirilmiş hissəsinin həm funksional, həm də estetik baxımdan bərpasına imkan verir.
 

Növbəti mərhələdə bərpa edilmiş sümüyə dental implantların yerləşdirilməsi planlaşdırılır. Bu isə pasiyentin həyat keyfiyyətinin tam bərpasına şərait yaradacaq.


Nazirlikdən qeyd olunub ki, bu cür yüksək texnologiyalı əməliyyatların mərkəzdə aparılması Azərbaycanda rekonstruktiv cərrahiyyənin inkişafına mühüm töhfə verir və vətəndaşların müasir tibbi xidmətlərə çıxış imkanlarını genişləndirir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin