Bakının mərkəzində kəlağayı yürüşü keçirildi – FOTO

Hazırda oxunan: Bakının mərkəzində kəlağayı yürüşü keçirildi – FOTO

642209

Bu gün Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü olan kəlağayı ilə gəzinti-yürüşü keçirilib.

Bizim.Media xəbər verir ki, yürüş Qız Qalasının qarşısından başlayıb. Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər.

Kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli kimliyini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu zərif baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətinin ayrılmaz hissəsi olub. Kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın mənəvi dəyərlərinin, zəriflik, gözəllik və xanımlıq rəmzlərinin ifadəsidir.
 

Qeyd edək ki, Azərbaycan kəlağayısı beynəlxalq səviyyədə də tanınır. 2014-cü ilin noyabrında “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Representativ Siyahısına daxil edilib. 


Bu mühüm hadisə kəlağayının yalnız Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyətin mədəni irsi baxımından əhəmiyyətini təsdiqləyib. Kəlağayı sənətinin əsas mərkəzləri sırasında Şəki və Basqal xüsusi yer tutur.

Onun hazırlanmasında ənənəvi ipəkçilik, boyama və taxta qəliblərlə naxışvurma üsullarından istifadə olunur. Kəlağayıların üzərindəki buta, nəbati və həndəsi ornamentlər xalqımızın zəngin bədii təfəkkürünü əks etdirir.

Bu sənətin qorunması, gənc nəsillər arasında təbliği və gündəlik geyim mədəniyyətində yaşadılması milli irsimizin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Kəlağayı ilə yürüş şəhər sakinləri və turistlərdə böyük marağa səbəb olub.

















Günay Şahmar, Tural Xəlil, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin