Ukrayna mənbələri və rəsmi şəxslərinin məlumatına görə, ABŞ-da Donald Tramp və İlon Mask tərəfindən Kiyevin ünvanına səslənən hədələr fonunda Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Starlink" peyk rabitə sisteminin işində ciddi problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Məlumata görə, saatda 160 km/saat (100 mil/saat) sürətdən artıq hərəkət edən "Starlink" terminallarında rabitə birdən-birə kəsilib. Bu məhdudiyyət ucbatından Ukrayna ordusunun dron operatorları bir sıra döyüş tapşırıqlarını yerinə yetirə bilməyiblər. Mülki şəxslər üçün nəzərdə tutulmuş adi terminalların fəaliyyətində isə hər hansı bir pozuntu qeydə alınmayıb.
Ukrayna Prezidentinin texnoloji innovasiyalar üzrə müşaviri Sergey Beskrestnov bu məlumatı rəsmi olaraq təsdiqləyib:
"Mən təsdiq edirəm ki, dünən gecə “SpaceX” şirkəti “Starlink” terminallarının sürətinə məhdudiyyət tətbiq edib. Məhdudiyyət “StarShield” hərbi xidmət paketinə şamil olunub və maksimum 100 mil/saat (160 km/saat) həddində müəyyən edilib. Müdafiə qüvvələrimiz bu qərarla bağlı əvvəlcədən xəbərdar edilməyib, bu da bir sıra missiyaların pozulmasına gətirib çıxarıb. Aydındır ki, bu addım təsadüf ola bilməz və mövcud siyasi vəziyyətlə birbaşa bağlıdır."
Bizim.Media

































































































