ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) “Hubble” kosmik teleskopu kosmosun dərinliklərində insan üzünün təbəssümünü xatırladan maraqlı görüntü qeydə alıb.
Bizim.Media xəbər verir ki, NASA-nın “gülümsəyən qalaktika klasteri” kimi təsvir etdiyi bu qeyri-adi mənzərə sosial media hesablarında paylaşılıb.
Qurumun açıqlamasına görə, şəkildə görünən bu “təbəssüm” xətləri qravitasiya linzası kimi tanınan optik effektin yaratdığı qövslərdən ibarətdir. Bu hadisə zamanı nəhəng kosmik strukturlar linza rolunu oynayaraq güclü cazibə qüvvələri vasitəsilə fəza-zamanı bükürlər.
Digər tərəfdən, NASA “James Webb” kosmik teleskopunun köməyi ilə çəkilmiş yeni bir foto da paylaşıb. Kosmik tozun arxasını müşahidə etmək üçün infraqırmızı işıqdan istifadə edən teleskop müxtəlif yaşlarda olan çoxsaylı ulduzların əmələgəlmə prosesini aşkarlayıb.
Alimlər bildirirlər ki, bu cür görüntülər ulduzların zamanla necə dəyişdiyini və təkamül etdiyini öyrənməyə imkan verir.


Bizim.Media































































































