Bu gündən Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, festival 22-26 may tarixlərində Elmlər Akademiyasının parkında təşkil ediləcək.
Festivalın ilk günü Azərbaycan-Türkiyə, ikinci günü Özbəkistan-Türkmənistan, üçüncü günü Qazaxıstan-Qırğızıstan, dördüncü günü Macarıstan-Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk Dünyası – Yunus Əmrə günü olaraq adlandırılıb.
Festivalın zəngin proqramına Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, konsert proqramları ilə yanaşı görkəmli ədiblərin yubileyləri də daxildir.
Bununla yanaşı festivalda müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim ediləcək. Festivalın təntənəli açılış mərasimi bu gün saat 12-də baş tutacaq.
Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçiriləcək.











Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media



































































































