Bir qrup ziyalının prezident seçkisində hakim partiyanın namizədini dəstəkləyəcəyi barədə müraciətinə bu günlərdə sosial şəbəkələrdə qıcıqlı reaksiya verildi, hətta bəzi yazıçıların kitablarının yandırılacağı barədə bir qrupun təhdidləri yayıldı.xa0
Təbii olaraq media orqanı kimi, “Yeni Müsavat” da bu məsələyə biganə qalmadı və Avropa səfərində olsa da, Yazıçılar Birliyinin sədri Anarla əlaqə yaradıb ondan geniş müsahibə götürdü. Rezonans doğuran həmin müsahibə əksər media orqanlarında dərc, sosial şəbəkədə müzakirə olundu. Yəqin Xalq yazıçısı özü də müsahibədən narazı qalmayıb, hər halda ötən günlər ərzində onun bu barədə hər hansı irad bildirməməsi də bunu təsdiqləyir.xa0
Ümumilikdə isə kitab yandırmağın çox pis bir iş olduğu barədə qəzetimizdə müxtəlif yazılar dərc edib. Hətta müsahibədən bir gün öncə Anarı müdafiə mövqelərinin əks olunduğu geniş material - “Anarın kitablarını yandıraq!” çağırışına sərt reaksiyalar”- “Yeni Müsavat”da işıq üzü görüb. Hansı ki, kitablarını yandırmaq istəyənlərin əleyhinə hazırlanan həmin yazının dərci xəbərinə ölkədən uzaq olduğu üçün mətbuatı izləyə bilməyən yazıçı Anar “Bu, yaxşı xəbərdir, sağ olun”-deyərək reaksiya vermişdi.xa0
Üstəlik, o yazıda “kitabyandıranlar”ın hədəf seçdiyi Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayevin də mövqeyi Azadlıq Radiosuna istinadən geniş dərc olunmuşdu.xa0
Başqa bir fakt: həmkarım Elşad Məmmədli “Anar kitab yandırmaq istəyənləri dəstəkləsinmi...” köşə yazısında da kitab yandırmaq istəyən qaragüruha etiraz edərək xatırlatmışdı ki, hazırda dünyada Azərbaycan ədəbiyyatını məhz bu iki yazıçının - Çingiz Abdullayev və Anarın əsərləri hesabına tanıyırlar.xa0
Bunlar son günlərin xronikasıdır. Amma axı, biz bundan əvvəl ziyalılara hücum dalğası olanda da birtərəfli mövqe tutmamışıq, Anar başda olmaqla hədəfə tuş gələn digər yazıçılarımıza qarşı həqarətlər yağdıranlar bəzən yazılarımıza görə ziyalıları unudub, bizim üstümüzə gəliblər. Elə Anara geniş yer ayırdığımıza görə bizi qınayanlar da az olmadı, belələri az qaldı bizi Anara, Çingiz Abdullayevə “işləməkdə” ittiham etsinlər. Boş veririk belə məsələlərə və işimizə davam edirik. Çünki biz bir media orqanıyıq, missiyamızın nə olduğunu yaxşı başa düşürük.xa0
Amma Çingiz Abdullayev kimi əfsanə yazıçı, kitabları dünyada milyonlarla tirajla çap olunan ziyalının kitab qatillərini bir tərəfə qoyub... “Yeni Müsavat”ı hədəfə alması düzü, gözlənilməz oldu. İki gündür bunun səbəbini arayırıq, tapa da bilmirik.xa0
Axı, nə baş verdi? Biz hətta Yazıçılar Birliyinin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan “26” kafesi ilə bağlı qalmaqalda da Xalq yazıçısının mövqeyin geniş işıqlandırmışdıq. Hətta kafe məsələsində (!) Çingiz Abdullayevin marağına toxunmamışıq. İndi necə olur biz onu kitablarını yandırmaq istəyənlərdən qoruduğumuz halda, o, məhz bizi suçlu çıxarır?xa0
Bizi heyrətləndirən hörmətli yazıçının “Feysbuk” səhifəsindəki qəzəbli müraciətində bizim qəzetimizin də adını hallandırmasıdır.xa0
İddia edib ki, “Yeni Müsavat”ın qəzetinin və başqa bir media orqanının “ötürmələrindən” sonra, qurduğu təbliğat nəticəsində qəfildən ortaya bir qrup insan çıxıb və qərar veriblər ki, bəzi müəlliflərin kitablarını hamının gözü qarşısında tonqalda yandırmaq lazımdır. Təsəvvür edin, dünya şöhrətli yazıçı “Yeni Müsavat”ın gerçək mövqeyini bir kənara qoyub, tam əksini iddia edir. Nəyə əsasən? Bəlli deyil.xa0
Çingiz Abdullayev sonda yazır: “İndi isə ən vacibi. Mən diqqəti bəzilərinin insanlığa sığmayan dəhşətli alçaqlığına yönəltmək istəyirəm, hansılar ki, səksən yaşlı Anara zəng edir və məmnuniyyətlə bildirirlər ki, hansısa axmaqlar onun kitablarını yandırmağa hazırlaşırlar. O insana zəng edirlər ki, iki ay əvvəl ürəyindən ağır əməliyyat olunub! Əgər bu şüurlu qətl deyilsə, onda onun adı nədir?”xa0
Çingiz Abdullayev təhqirlərini kimə ünvanlayıb, deyə bilmərəm. Amma istənilən halda böyük ziyalıya yaraşmır. İlk “vay” xəbərini kim çatdırıb, bunun da önəmi yoxdur, mətbuat nümayəndəsi işini görür. Konkret olaraq bu sətirlərin müəllifinə gəldikdə, mən müsahibənin girişində də yazdığım kimi, hörmətli Anarla 80 illik yubileyi münasibətilə görüşüb ondan müsahibə istəyirdim, sadəcə xaricdə olması səbəbindən mümkün olmadı. Hətta Anar müəllimə dedim ki, məqsədim kitablarının yandırılması hədəsi ilə bağlı danışmaq deyil, çünki onun mövqeyi artıq qəzetimizdə dərc olunmuşdu.xa0
Deməli, Çingiz müəllim bizi əməliyyatdan yeni çıxmış böyük yazıçımıza qarşı Allah eləməmiş, “qətl” cəhdində də günahlandıra bilməz. Elə isə suçumuz nədir?xa0
Elə bu suala bir cümləlik cavab üçün bütün gün ərzində Çingiz Abdullayevi aradıq. Telefonu açmadı, yalnız saatlar sonra bir xanım zəng etdi ki, “siz Çingiz müəllimə zəng etmişdiniz, nə məsələdir?” Məqsədimizi dedik, o da Xalq yazıçısına çatdıracağını bildirdi.xa0
Daha bir neçə saat keçdi və bizim zəngimizə xanımın cavabı belə oldu: “Çingiz müəllimə dedim ki, “Yeni Müsavat”dan sizinlə danışmaq istəyirlər. O isə dedi sizin qəzetə danışmaq istəmir”.
Belə. Biz yenə də hörmətlə qarşılayırıq . Necə ki, ziyalıların məlum müraciətini normal qarşılamışdıq. Hesab edirik ki, hər kəsin azad şəkildə seçib-seçilmək hüququ olduğu kimi, susmaq, danışmamaq hüququ da var, eləcə də 6 Xalq yazıçısından birinin.xa0
Lakin əsassız yerə ittiham etmək, bax, bu, yaxşı hal deyil. Özü də cild-cild kitabların müəllifinin öz oxucularını ittiham etməsi...Biz ziyalılarımızı odun üstünə su səpən, barışdırıcı, tərəfsiz hakim olaraq görmək istəyirik, qaşınmayan yerdən qan çıxaran yox. Bu da bizim arzu-istəyimizdir...







































































































