Binəqədi Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Elvin Salamzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 27 iyul 2023-cü il tarixdə saat 12:10 radələrində Binəqədi rayonu, F.Vəliyev küçəsi, Söyüdlər məhəlləsində qeydə alınıb.
Belə ki, Elvin Salamzadə etibarnamə əsasında idarə etdiyi “Chevrolet Avco” markalı minik avtomobili ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək, hərəkət zamanı təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini azaltmalı və ya tam dayandırmalı olduğu halda, bu tədbirləri görməyib. Nəticədə sürücü yolu soldan sağa keçmək istəyən piyada, 2013-cü il təvəllüdlü N.Qasımovanı avtomobilin qabaq sol hissəsi ilə vurub. Hadisə nəticəsində azyaşlı müxtəlif ağır bədən xəsarətləri alıb. Alınan xəsarətlər həyat üçün təhlükəli hesab olunub və nəticədə zərərçəkmiş hadisə yerində həyatını itirib.
Beləliklə, istintaq orqanı sürücünün ehtiyatsızlıqdan yol hərəkəti qaydalarını pozaraq ağır nəticələrə – insan ölümünə səbəb olduğunu müəyyən edib.
Məhkəmə baxışı zamanı Elvin Salamzadə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini bildirib.
Qeyd edək ki, qəza zamanı həyatını itirən N.Qasımova həmin ilin sentyabrında 5-ci sinfə getməli idi. (Pravda.az)
Bizim.Media






































































































