Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğüzar elitaya ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına maksimum səy göstərilməsi ilə bağlı ünvanladığı çağırışı rəhbər tutaraq, “Union Grand Energy PTE”x9d Şirkətlər qrupunun təsisçisi və sahibi Anar Əlizadə Bakıda gənclərin biznes ideyalarına dəstək verən "Baku Business Factory" (BBF) adlı yeni layihəyə start verib. "Report" xəbər verir ki, bu haqda Anar Əlizadə öz şəxsi veb səhifəsindəməlumat yayıb.
BBF-nin əsas məqsədi ölkənin
iqtisadi və sosial inkişafına müsbət təsir edəcək kreativ biznes ideyaları olan
gənclərə layihələrinin ilkin mərhələsində peşəkar dəstək göstərməklə, bu layihələrin
daha sürətlə həyata keçməsinə və dayanıqlığının təmin edilməsinə şərait
yaratmaqdır.
BBF-nin
yaradılmasının zəruriliyi barədə söz açan Anar Əlizadə qeyd edib: "Son
zamanlar ölkəmizdə gənclərin təşəbbüsü ilə xeyli yeni biznes layihələri
yaradılır. Lakin bu biznes layihələrinin böyük hissəsi fəaliyyətini davam etdirə
bilmir. Buna səbəb kimi idarəçilik və marketinq sahəsindəki təcrübənin yetərincə
olmamasını, maddi-texniki bazanın zəifliyini, investisiya azlığını, komandanın
təşkilatlanmasındakı çətinliklər və digər bu kimi amilləri göstərmək olar. Nəticə
etibarilə, gənclərimiz ağıllı və yaradıcı biznes ideyaları ilə çıxış etsələr də,
bu kimi səbəblər onların uğur qazanmasına mane olur. Gənclərimizin uğurlu
biznes qurmasına istər şərait yaratmaq, istərsə də birbaşa dəstək göstərmək məqsədilə
son illərdə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında
genişmiqyaslı tədbirlər həyata keçirir. Bu tədbirlərin reallaşdırılması və Dövlət
proqramlarının həyata keçirilməsi nəticəsində uğurlu biznes quran gənclərin
sayı günü-gündən artır. Biz də işgüzar elita təmsilçisi olaraq, Azərbaycan
respublikasının Prezidenti İlham Əliyevin biznes ictimaiyyətinə ünvanladığı ölkə
iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafına maksimum
səy göstərilməsi ilə bağlı çağırışını rəhbər tutaraq BBF-ni təsis etmək qərarına
gəldik. İnanırıq ki, uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı
gəncə bir şans vermək kifayətdir. Biz də bu şansın yaradılmasına dəstək olmaq və
uğurlu təcrübəmizi onlara ötürməyə çalışacağıq".
BBF fəaliyyətini 2 struktur bölmədə həyata keçirəcək.
Bölmələrdən birində - Startap Laboratoriyasında qəbul olunmuş startaplara layihənin
mürəkkəbliyindən və gəlirliliyindən asılı olaraq müəyyən vaxt veriləcək. Bu
müddət ərzində startaplar BBF-dən ofis və ofis avadanlıqları, yerli və xarici
ekspertlər tərəfindən mütəmadi keçiriləcək biznes və menecment təlimləri, İT
xidmətlərini pulsuz olaraq əldə edəcəklər. Əvvəlcədən müəyyən olunmuş vaxt ərzində
özünü doğrultmuş nümunəvi startaplar BBF-dən investisiya almaq imkanı da əldə
edə biləcəklər.
Digər bölmə olan Kovörkinq Mərkəzində (Сo-working center) isə əsasən frilanserlər
(proqramçılar, tərcüməçilər, dizaynerlər və s.), kiçik biznes və layihələrin
nümayəndələri öz fəaliyyətləri üçün ortaq məkandan istifadə edə biləcəklər.
Zahiri görünüşü baxımından Kovörkinq Mərkəzi adi ofislərdən az fərqlənir. Əsas
fərq burada fəaliyyət göstərəcək insanların bir-birindən heç bir asılılığın
olmamasıdır. Təşkilatın ofisi öz görkəmi ilə də fərqlənir. Ofisdə iş və istirahət
üçün, əsasən də, burada fəaliyyət göstərəcək startaplar, kiçik bizneslər və
frilanserlərin özlərini tam sərbəst hiss etmələrinə hər cür şərait yaradılıb:
burada fərqli dizaynda iş zalları, konfrans otaqları, istirahət və oyun
otaqları, mətbəx, yüksək sürətli internet, telefon, resepşn xidməti və ofis
üçün lazım olan digər avadanlıqlar mövcuddur.
"Baku Business Factory" haqqında ətraflı məlumatla //bbf.az saytında tanış ola bilərsiz.





































































































