Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

Hazırda oxunan: Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

641349

Qida məhsullarının satışı ilə məşğul olan obyektlərdə sanitar və təhlükəsizlik qaydalarına əməl olunması istehlakçıların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin aparılan yoxlamalar zamanı bəzi satış məntəqələrində məhsulların saxlanması və satışı ilə bağlı müxtəlif nöqsanların aşkarlandığı məlum olur. Belə hallardan biri də Şəmkirdə fəaliyyət göstərən bazarlardan birində qeydə alınıb.

Belə halların qarşısının alınması üçün bazarlarda qida məhsullarının saxlanması və satışı zamanı hansı əsas tələblərə əməl olunmalıdır və istehlakçılar məhsul alarkən nələrə diqqət etməlidirlər?

Bizim.Media xəbər verir ki, Demokrat.az-a bu barədə açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, bazarlarda yuyula bilən və paslanmayan polkalar, rəflər olmalıdır:
 

"Bundan əlavə, bazarlar mütəmadi olaraq təmizlənməlidir. Nəzərə alsaq ki, orada qida qalıqları və digər tullantılar qalır, hər gün iş bitdikdən sonra bazar başdan-ayağa yuyulub təmizlənməlidir. Eyni zamanda rəflər də təmizlənməlidir.


Məhsulların saxlanmasına gəlincə, burada söhbət bazarda hansı məhsulların satılmasından gedir. Əgər bazarda toyuq məhsulları, ət məhsulları, balıq və digər riskli qida məhsulları satılırsa, onlar mütləq soyuducu ilə təchiz olunmuş avadanlıqlarda, soyuducu şəraitdə satılmalıdır. Balıq buzun içərisində qoyularaq da satıla bilər.

Bəzən bazarlarda balıqların buzun içərisində saxlanıldığını görürük. Bu, standartlara uyğundur. Amma balığın açıq şəraitdə satılması olmaz. Bu, qida təhlükəsizliyi baxımından riski artırır.

Hazırda görürük ki, bazarlarda kim nəyi harada gəldi satır. Adam toyuq satır, yanında tərəvəz qoyub satır. Yaxud toyuğun yanında balıq satır və məhsullar bir-birinə bitişik olur. Bu zaman çarpaz çirklənmə baş verir və qida zəhərlənməsi riski artır. Digər tərəfdən, balıq, toyuq və ət məhsullarını mühit temperaturunda saatlarla saxlayıb satırlar. Üstünə milçək qonur. Bundan əlavə, hava-damcı yolu ilə gələn virus və bakteriyalar da məhsula keçə bilər. Hər saat keçdikcə bakteriyaların sayı artır. Əgər ət kəsilib mühit temperaturunda açıq şəkildə saxlanılırsa, xüsusilə iki saatdan sonra bakteriyaların çoxalması sürətlənir. Saatlar keçdikcə bakteriya yükü artır. Təbii ki, bu da qida zəhərlənməsi riskini yüksəldir".

Ağa Salamov vurğulayıb ki, ət, balıq və toyuq kimi məhsullar soyuducuda saxlanılmalı, rəflənməli və oradan satılmalıdır:

"Balıq buzun içərisində də saxlanıla bilər. Amma riskli məhsulların açıq şəraitdə satılması yolverilməzdir. Bir də bu məhsulların antisanitar vəziyyətdə satıldığını görürük. Baxırsınız ki, palçıq içindədir. Bazarda döşəmə yuyula bilən olmalıdır. Məhsulu asfaltın üzərinə qoyub satmaq olmaz. Bazarlarda belə şərait yaradılmalıdır ki, döşəmə rahat şəkildə yuyulub təmizlənə bilsin.

Bundan əlavə, məişət avadanlıqlarını, ehtiyat hissələrini və digər bu kimi məhsulları bazarın içərisinə gətirib qida məhsulları ilə eyni yerdə satmaq düzgün deyil. Əgər bazarın konsepsiyası qida satışı üzərində qurulubsa, orada qida məhsulları satılmalıdır. Görürsən ki, bazarda meyvə-tərəvəz satılır, yanında isə mismar və ya digər ehtiyat hissələri satılır. Bu da çirklənməyə səbəb ola bilər. Ona görə də bazarda konsepsiya olmalıdır. Bazar bazardırsa, onun öz qaydaları və tələbləri olmalıdır. Döşəmələr, divarlar, rəflər və digər səthlər yuyula bilən materiallardan hazırlanmalıdır. Bazarı icarəyə verən şəxs də buna uyğun şərait yaratmalıdır.
 

Bu tələblər yerinə yetirilərsə, qida təhlükəsizliyi baxımından aparılan yoxlamalar zamanı da ciddi nöqsanlarla qarşılaşmaq ehtimalı azalacaq. Eyni zamanda satıcılar da qida təhlükəsizliyi ilə bağlı biliklərə malik olmalı, bu sahədə maariflənməli və öz biliklərini artırmalıdırlar.


Kor-koranə şəkildə insanlara hər hansı məhsulu satmaq düzgün deyil. Meyvə və tərəvəzlərə gəlincə, bunlar üstü bağlı bazarlarda, günəş şüalarından kənarda və sərin mühitdə, uyğun temperatur şəraitində mühafizə olunaraq satılmalıdır. Eyni zamanda istehlakçılar da diqqət etməlidirlər ki, aldıqları məhsulların çürümüş, əzilmiş və digər yararsız hissələri olmasın".
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin