Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - Foto

Hazırda oxunan: Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - Foto

641325

Pakistanlı iki qardaş həyat yoldaşları ilə birgə "Bakıda ev və ya mülk alaraq gələcəyinizi təmin edin" vədi ilə vətəndaşları aldadaraq milyonlarla dollarlıq dələduzluq ediblər.

Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, iddia edilən dələduzluq sxeminin qurbanlarının Bakıdakı Pakistan səfirliyinə çox sayda şikayət təqdim etdiyi bildirilir. Məlumata görə, dələduzluq cinayəti hər iki ölkədə həyata keçirilib.
 

Eyni zamanda, Pakistanın Federal Təhqiqat Agentliyinin (FIA) Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Dairəsinin iddia olunan mütəşəkkil dələduzluqla bağlı çirkli pulların yuyulması şübhəsi ilə istintaqa başladığı qeyd olunur.


Məlumata görə, Lahor sakini Əli Əsgər və onun hazırda Bakıda yaşayan qardaşı Əli Əkbərin həyat yoldaşı Fərzanə Əkbər və qruplaşmanın digər ehtimal edilən üzvləri barəsində həbs qərarları çıxarılıb. Əli Əkbərin Bakıdakı iddia edilən biznes tərəfdaşları arasında Gülbəniz adlı azərbaycanlı qadının da adı hallanır. Azərbaycanlı qadının da Əli Əkbərin həyat yoldaşı olduğu bildirilir. Ona qarşı Azərbaycanın Daxili İşlər Nazirliyi və Pakistan səfirliyi də daxil olmaqla, aidiyyəti qurumlara bir neçə şikayətin daxil olduğu da bildirilir.

Məlumata görə, Lahorda fəaliyyət göstərən Əli Əsgər Bakıda daşınmaz əmlak investisiyası təklifini reklam etmək üçün "Facebook" və digər sosial media şəbəkələrindən fəal şəkildə istifadə edib. Təklifdə müştərilərə 5000 dollar beh ödəyərək Bakıya yeddigünlük səyahət turu ilə yanaşı, mənzil və ya mülk sifariş etmək imkanının vəd olunduğu bildirilir.

Çox sayda Pakistan vətəndaşının bu sxem vasitəsilə xeyli ziyana düşdüyü və sözügedən fəaliyyətin hazırda da davam etdiyi iddia olunur.

Cinayət işində adı hallanan Gülbəniz adlı qadının Bakıda əmlak alqı-satqısı əməliyyatlarında iştirak etdiyi bildirilir. O bu cür sazişlər vasitəsilə xaricdə yaşayan pakistanlılardan yüzminlərlə, hətta milyonlarla dollar toplamaqda təqsirləndirilir.

Pakistanın Bakıdakı səfirliyinin Əli Əkbər və bəzi zərərçəkənlər arasında təşkil etdiyi təkbətək görüşün də heç bir əhəmiyyətli nəticə vermədiyi iddia edilir.
 

Materialda vurğulanır ki, Əli Əkbər və onun azərbaycanlı həyat yoldaşı Gülbənizin iştirakı ilə Bakıda daşınmaz əmlak alqı-satqısı ilə bağlı çoxmilyonluq fırıldaqçılıq iddiaları daha əvvəl də gündəmə gəlib.


Onların Bakıda "Real Mentor Developers" adlı şirkət qurduğu və Azərbaycanda onlara ev və digər mülklər təşkil edəcəklərini vəd edərək Pakistan vətəndaşını yüzminlərlə dollar məbləğində aldatdıqları iddia olunur. Əli Əkbərin qardaşı Əli Əsgərin Pəncab əyalətinin Lahor şəhərində fəaliyyət göstərən "Real Mentors Prime Properties Limited" şirkəti ilə əlaqəli olduğu və "Ali Akbar Group of Companies"in vitse-prezidenti vəzifəsini icra etdiyi bildirilir.

O, ictimaiyyəti Bakı vizaları almağa və daşınmaz əmlaka sərmayə qoymağa təşviq edərək, onları bilərəkdən maliyyə itkilərinə məruz qoymaqda günahlandırılır.

Məlumata görə, iki qardaş Bakıda əmlak alqı-satqısını təşkil etmək vədi ilə indiyədək çox sayda Pakistan vətəndaşından milyonlarla dollar toplayıblar. Son günlərdə Pakistan vətəndaşlarının Əli Əkbərə qarşı Azərbaycanın Daxili İşlər Nazirliyinə rəsmi müraciətlər etdiyi bildirilir. Bu şikayətlərdən sonra dələduzluqda təqsirləndirilən bu şəxsə qarşı müvafiq hüquqi addımların atılacağı gözlənilir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin