Hüquqi yardım qapısı aztəminatlıların üzünə açıldı – Nə qədər şəxs yararlanıb?

Hazırda oxunan: Hüquqi yardım qapısı aztəminatlıların üzünə açıldı – Nə qədər şəxs yararlanıb?

641162

2026-cı il yanvar-sentyabr aylarında ölkənin müxtəlif ərazilərində 8 mindən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, hüquqi yardımın sosial baxımdan həssas əhali qrupları üçün əlçatanlığının təmin edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının  fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə aztəminatlı şəxslərin hüquqi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, onların hüquq və qanuni mənafelərinin müdafiəsinə dəstək göstərilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

 

Görülən işlər vətəndaşların hüquqi məsələlərlə bağlı ilkin və peşəkar məsləhət almaq imkanlarının genişləndirilməsinə, hüquq və vəzifələri barədə məlumatlandırılmasına, habelə hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı zəruri istiqamətləndirmənin təmin edilməsinə xidmət edib.

 

Məlumatda vurğulanıb ki, fərdi qaydada müraciət edən aztəminatlı şəxslərə hüquqi yardım göstərilməsi ilə yanaşı, il ərzində müxtəlif əlamətdar günlər və ictimai əhəmiyyətli tədbirlər çərçivəsində də pulsuz hüquqi yardım aksiyaları keçirilir. Beynəlxalq İnsan Hüquqları Günü, Beynəlxalq Qadınlar Günü, Milli Qurtuluş Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, Anım Günü, Zəfər Günü, Vəkil Günü və digər əlamətdar tarixlər münasibətilə keçirilən aksiyalar zamanı vətəndaşlara pulsuz hüquqi məsləhətlər verilib.

 

Müxtəlif tarixlərdə və ölkənin ayrı-ayrı bölgələrində keçirilən bu aksiyalar hüquqi yardımın daha geniş auditoriyaya çatdırılmasına, vətəndaşların hüquqi savadlılığının artırılmasına və hüquqi maarifləndirmənin gücləndirilməsinə imkan yaradıb.

 

Qurumun məlumatında 2025-ci il ərzində Kollegiya tərəfindən ölkə üzrə 10 mindən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardımın göstərildiyi və sosialyönümlü hüquqi yardımın davamlı xarakter daşıdığı, aztəminatlı şəxslərin hüquqi xidmətlərə çıxışının genişləndirilməsinin Kollegiyanın fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu qeyd edilib.

“Kollegiya tərəfindən hüquqi yardımın əlçatanlığının artırılması ilə yanaşı, bu sahədə fəal iştirak edən vəkil qurumlarının fəaliyyətinin təşviqi də diqqətdə saxlanılır. Belə ki, Kollegiyanın ictimai fəaliyyətinə töhfə verən vəkil büroları arasında il ərzində aztəminatlı şəxslərə və digər sosial həssas qruplara göstərilən pulsuz hüquqi yardım da nəzərə alınmaqla “İlin vəkil qurumu” mükafatı təqdim olunur.

Bu təşəbbüs vəkil qurumlarının sosial məsuliyyətinin artırılmasına, pulsuz hüquqi yardımın təşviqinə və hüquqi xidmətlərin daha geniş əhali qrupları üçün əlçatanlığının təmin edilməsinə yönəlib.

VK bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsini, hüquqi yardımın əhatə dairəsinin genişləndirilməsini və vətəndaşların hüquqi müdafiə imkanlarının daha da gücləndirilməsini qarşıya qoyulan əsas vəzifələrdən biri kimi müəyyənləşdirib”, - məlumatda bildirilib.

Xatırladaq ki, ötən həftə Milli Məclisdə “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, gəliri yaşayış minimumundan aşağı olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, əlilliyi olan işləməyən şəxslər, işsiz kimi rəsmi qeydiyyatda olanlar, insan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslərlə yanaşı şəhid ailələrinin üzvləri, müharibə veteranları, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu alan, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər azad edildiyi gündən bir il müddətində olmaqla, üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardım hüququna malik olacaqlar. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin