Bakının mərkəzində mənzil almaq istəyənlər üçün qiymət heç də hər zaman milyonlarla ölçülmür. Amma paytaxtın tarixi binalarından birində yerləşən elə bir mənzil satışa çıxarılıb ki, onun qiymətinə bir neçə lüks mənzil almaq mümkündür. 10 otağı, 3 balkonu və 7 metrə yaxın tavanı olan bu əmlak üçün nə az, nə çox, 3 milyon 900 min manat tələb olunur.
Bizim.Media “Yeni Sabah”a istinadən xəbər verir ki, mənzil paytaxtın ən prestijli ərazilərindən birində, “Sahil” metrosunun, Dənizkənarı Bulvardakı saat qülləsinin və keçmiş Lenin muzeyinin yaxınlığında yerləşir.
Daşınmaz əmlak elanında mənzilin ümumi sahəsinin 390 kvadratmetr olduğu qeyd edilib.
Dövlət tərəfindən qorunan, dörd mərtəbəli tarixi binanın ikinci mərtəbəsində yerləşən mənzilin əsas xüsusiyyətlərindən biri tavanlarının təxminən 7 metr hündürlüyündə olmasıdır.
Elana əsasən, mənzilin 254 kvadratmetrlik hissəsi rəsmi sənədlərdə göstərilib, əlavə 96 kvadratmetr sahəsi də var. Mənzildə 10 otaq və 3 geniş balkon mövcuddur. Mənzilin interyerində isə klassik üslub üstünlük təşkil edir. Otaqlarda naxışlı divar kağızları, ağır pərdələr, büllur çilçıraqlar və dekorativ tavan işləmələri diqqət çəkir.
Təbii ağacdan hazırlanmış mebellər, parket döşəmə və Şərq naxışlı xalçalar da evin ümumi görünüşünü tamamlayır. Mətbəxdə isə klassik üslublu mebellərdən istifadə olunub. Elan müəllifi mənzilin yalnız yaşayış üçün deyil, kommersiya məqsədilə də istifadəyə yararlı olduğunu bildirir. Belə ki, əmlakın ofis, qalereya və ya digər təyinatlı obyekt kimi istifadə edilməsi mümkündür.
Mənzilin satış qiyməti isə 3 milyon 900 min manatdır. Elan qiyməti ümumi sahəyə bölündükdə bir kvadratmetr üçün təxminən 10 min manat təşkil edir.
Paytaxtın mərkəzində yerləşməsi, tarixi binanın memarlıq xüsusiyyətləri və geniş sahəsi bu mənzili Bakı daşınmaz əmlak bazarındakı bahalı təkliflərdən birinə çevirib.
Mənzilin qiyməti isə sosial şəbəkələrdə və əmlak bazarında müzakirə mövzusu olub. Belə ki, köhnə tikilidə yerləşən mənzilin hər kvadratmetri üçün təxminən 10 min manat tələb olunması bir çox alıcı üçün yüksək görünür. Bu məbləğə Bakının müxtəlif ərazilərində yeni tikililərdən 4-5 bəzən 6-7 mənzil almağın mümkün olduğunu düşünənlər də az deyil.







Bizim.Media


























































































