Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövrün sonunadək 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi əsas hədəf kimi müyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Şagirdlər üçün yeni QİYMƏTLƏNDİRMƏ PROQRAMI – Yalnız seçilmiş məktəblərdə aparılacaq – RƏSMİ
"Bununla yanaşı, "Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2026-cı il tarixli Fərmanına (bundan sonra - Fərman) əsasən, dövlət ümumi təhsil müəssisələrinin (bundan sonra – məktəb) maliyyələşdirilməsi 2026-2027-ci tədris ilindən başlayaraq mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.
Yeni yanaşmanın əsas məqsədi ayrılan dövlət vəsaiti ilə məktəbdə yaradılan təhsil imkanları arasında məqsədyönlü əlaqə qurmaq və nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Bu yanaşmada maliyyələşmənin mərkəzində şagird və onun təhsil ehtiyacları dayanır. Bu məqsədlə cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində mexanizmin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb",- deyə bildirilib.
Yeni model nə vəd edir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Emin Nuruzadə deyib ki, məktəbbaşına maliyyələşmə dünyanın çox ölkələrində var:
“İlk dəfə bu il ölkəmizin 100 təhsil müəssisəsində şagirdbaşına maliyyələşmə tətbiq ediləcək. Burada qeyri-adi heç nə yoxdur. Əgər əvvəllər maliyyə məktəb xərcləri istiqamətində ayrılırdısa, bundan sonra şagird sayına uyğun olaraq ayrılacaq və məktəbin hesabına köçürüləcək. Tutaq ki, bir məktəbdə 500 şagird təhsil alırsa və bir şagirdin illik təhsil xərci 1000 manatdırsa, o zaman həmin məktəb üçün ildə 500 min manat vəsait ayrılacaq. Yəni məsələ bu qədər sadədir.
Əslində, hər şagirdə görə vəsaitin ayrılması təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək bir layihədir. Burada şagird faktoru önə çıxır. Hər bir məktəb çalışacaq ki, keyfiyyətli təhsil verməklə daha çox şagird qazansın və dövlətdən daha çox vəsait alsın. Bu da məktəblərarasında həm də sağlam rəqabət yaradacaq”.
Surxay Atakişiyev, Bizim.Media

























































































