Nazirlər Kabinetinin 256 nömrəli qərarı ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" yeni qaydalar təsdiqlənib. Bu qaydalar, xüsusilə iş qəzası və ya peşə xəstəliyi nəticəsində sığorta ödənişi alan şəxslərin də maraq dairəsindədir.
Bəs yeni qaydalar həmin şəxslərə ödənilən sığorta məbləğlərinə təsir edəcəkmi?
Bizim.Media-ya açıqlama verən vəkil Rusif Eminli bildirir ki, sözügedən qaydalar Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə tətbiq edilir.
Bu kateqoriyaya, xüsusilə, qanunun yeni mexanizmi ilə icbari sığortaya cəlb edilən şəxslər, məsələn, müəyyən könüllülər, istehsalat təcrübəsi/təlimi keçən tələbə və şagirdlər və s. daxildir:
“Tutaq ki, işçi 2024-cü ildə istehsalat qəzası keçirib, ona 30 faiz peşə əmək qabiliyyətinin itirilməsi müəyyən edilib və hazırda aylıq sığorta ödənişi alır. Belə şəxslərə ödəniş məhz 256 nömrəli qərar qəbul edildiyinə görə avtomatik olaraq hesablanmağa başlamır. Adi əmək müqaviləsi ilə işləyən və istehsalat qəzası nəticəsində zərər çəkmiş şəxslər üçün əsas prinsip dəyişməyib”.
Ödənişin hesablanmasında şəxsin yalnız indiki maaşı əsas götürülmür
Ümumiyyətlə hazırda iş qəzası və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən şəxslərə aylıq sığorta ödənişi necə hesablanır?
R.Eminlinin sözlərinə görə, əmək müqaviləsi üzrə orta aylıq əməkhaqqı, əsasən, sığorta hadisəsindən əvvəlki 12 təqvim ayı üzrə vəzifə maaşı və əlavələrin cəminin 12-yə bölünməsi ilə müəyyən edilir. Müqavilə 12 aydan az qüvvədə olubsa, tam təqvim ayları nəzərə alınır. Adi işçilər üzrə bu məsələnin əsas normativ bazası isə NK-nın 29 oktyabr 2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalardır.
“Burada 256 nömrəli qərarla çox mühüm məqamı qarışdırmamaq lazımdır. 2026-cı ilin iyulunda Qanuna əlavə edilən 17.4-1-ci maddə birdəfəlik ödəniş üzrə minimum aylıq əməkhaqqının 1000 misli həddini nəzərdə tutur. Yəni, xüsusi kateqoriya üzrə hesablanan birdəfəlik ödəniş sığorta hadisəsinin baş verdiyi tarixdə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 1000 mislindən artıq ola bilməz.
Lakin bu norma da 2-1.1-ci maddəsindəki xüsusi kateqoriyaya aiddir. Bu, o demək deyil ki, bütün iş qəzası keçirmiş şəxslərə maksimum 1000 minimum əməkhaqqı həcmində birdəfəlik ödəniş veriləcək”.
Vəkil xüsusilə qeyd edir ki, adi əmək müqaviləsi ilə çalışan işçilərin birdəfəlik sığorta ödənişi isə əvvəlki mexanizm, 192 nömrəli qrarla təsdiq edilmiş hesablanma qaydası əsasında müəyyən edilir.
Xədicə Paşayeva, Bizim.Media
































































































