Bir vaxtlar yay tətili uşaqlar üçün nənə-babanın evində keçirilən uzun günlərlə yadda qalırdı. Məktəblər bağlananda nəvələr bir neçə həftəlik nənə-babanın yanına gedər, bağda və ya həyətdə vaxt keçirər, oyunlar oynayar, nənənin bişirdiyi yeməklərdən yeyər, babanın söhbətlərinə qulaq asardılar. Nənə-baba üçün də bu günlər nəvələri ilə doyunca vaxt keçirimək üçün fürsət idi.
İndi isə bir çox ailədə nənə-babanın rolu dəyişib. Nəvələr artıq yalnız tətil günlərində onların yanında qalmır. İlboyu nənə və babalar uşaqları məktəbə aparır, ev tapşırıqlarına kömək edir, yeməyini hazırlayır, xəstələnəndə qayğısına qalır və valideynlər işdən qayıdana qədər onların yanında olurlar. Vaxtilə övlad böyüdən nənə və babalar illər sonra yenidən uşaq böyütmək məsuliyyəti ilə üzləşir, nəvələrinə ata və analıq edirlər. Bəzən bu, sevgi ilə edilən ailə dəstəyi hesab edilsə də, digər tərəfdən yük kimi qiymətləndirilir.
Bəs bu dəyişimin əsas səbəbi nədir? Valideynlərin iş həyatı buna nə qədər təsir edir? Nənə və babaları uşaq baxıcısına çevirən daha hansı səbəblər mövcuddur?
Mövzuya münasibət bildiriən sosioloq Mail Yaqub Bizim.Media-ya deyib ki, bunun əsas iki səbəbi var:
“Bu, daha çox iki məsələ ilə bağlıdır. Analar işləyirlər, səhər evdən çıxıb, axşam qayıdırlar və övladlarına baxa bilmirlər. Əgər bir cəmiyyətdə çox sayda ana işləyirsə, burada övladın böyüdülməsi, qayğısı məsələsi çətinləşir. Belə olduqda nənələr və babalar bu məsuliyyəti üzərinə götürmüş olurlar. Birinci səbəb budur. İkinci səbəb isə tamam fərqlidir. Bəzi ailələrdə ola bilər ana işləmir, çalışmır, amma övladına baxmaq iqtidarında da deyil. Bu ağrılı məsələdir. Bəzi ailələrdə bu var. Övlada baxmaq, onun məsuliyyətini çəkmək, onun ağrı-acısını çəkmək çətin olduğu üçün qız bu məsuliyyəti öz anasına və qayınanasına verir. Bu iki amil aradan qaldırılmalıdır. Çünki övlad öz anasının nəfəsini duymalıdır, nənənin nəfəsi ilə ananın nəfəsi arasında xeyli fərq var. Bu, sonra onun mənəvi-psixoloji inkişafına təsir edir”.
Sosioloq hesab edir ki, evdar qadınlara da evdar qadın olduqları üçün əməkhaqqı verilməlidir:
“Biz elə bir cəmiyyət yaratmalıyıq ki, analıq və evdar qadın olmaq da ştat kimi dövlət tərəfindən qəbul olunsun və həmin qadınlara bunun müqabilində əməkhaqqı ayrılsın. Bəzi ölkələrdə bu var. Çünki evdar qadının işi daha ağırdır, o, cəmiyyətə övlad, vətəndaş böyüdür. Onun işinin əhəmiyyətini, miqyasını biz sanki azaltmışıq.
Elə bilirik ki, evdar qadın işləmir, əksinə o, ən çətin işlə məşğul olur. Övladları analara qaytarmağın yolu budur. Bundan başqa, ikinci səbəb üçün analara təlimlər keçirib, təbliğat aparılmalıdır ki, öz övladlarının qayğısına özləri qalsın, nənələrə əmanət etməsinlər”.
Günay Şahmar, Bizim.Media
































































































