Azərbaycanda milli valyutada əmanətlər beş il ərzində 84 faiz artacaq

Hazırda oxunan: Azərbaycanda milli valyutada əmanətlər beş il ərzində 84 faiz artacaq

615927

Azərbaycan bank sektorunda depozitlərin həcmi 2031-ci ilə qədər milli valyutada əmanətlərin artması və xarici valyutada depozitlərin tədricən yüksəlməsi hesabına davamlı artım nümayiş etdirəcək.

Bizim.Media xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) son icmalında qeyd olunub.

BVF-nin proqnozlarına görə, milli valyutada depozitlər 2026-cı ildəki 24,7 milyard manatdan 2031-ci ildə 41,2 milyard manata yüksələcək. Göstəricinin 2027-ci ildə 27,4 milyard manat, 2028-ci ildə 30,3 milyard manat, 2029-cu ildə 33,6 milyard manat, 2030-cu ildə isə 37,2 milyard manat təşkil edəcəyi gözlənilir.
 

Artım əvvəlki illərdə formalaşmış müsbət dinamika fonunda davam edir. Belə ki, manatla depozitlər 2023-cü ildə 19,5 milyard manat olub, 2024-cü ildə 20,8 milyard manata yüksəlib və 2025-ci ildə 22,4 milyard manat səviyyəsində qiymətləndirilir.


Ümumilikdə, milli valyutada əmanətlərin həcminin 2026–2031-ci illərdə təxminən 84 faiz artacağı və 2023-cü ilin səviyyəsini iki dəfədən çox üstələyəcəyi proqnozlaşdırılır.

Xarici valyutada depozitlərin də artacağı gözlənilir, lakin bu artım daha mülayim templərlə davam edəcək. BVF-nin proqnozlarına əsasən, həmin depozitlər 2026-cı ildəki 9,9 milyard manatdan 2031-ci ildə 10,8 milyard manata yüksələcək. Aralıq göstəricilər 2027-ci ildə 10,4 milyard manat, 2028-ci ildə 10,6 milyard manat, 2029–2030-cu illərdə isə təxminən 10,8 milyard manat olacaq.

Əvvəlki illərdə xarici valyutada depozitlərin həcmi 2023-cü ildə 9,7 milyard manat, 2024-cü ildə 9,8 milyard manat təşkil edib və 2025-ci ildə 9,5 milyard manata qədər azaldığı qiymətləndirilib. Bundan sonra isə 2026-cı ildən yenidən artımın başlayacağı gözlənilir.
 

BVF həmçinin Azərbaycanda geniş pul kütləsinin də artacağını proqnozlaşdırır. Belə ki, bu göstərici 2026-cı ildəki 53,4 milyard manatdan 2031-ci ildə 75,7 milyard manata qədər yüksələcək. Göstəricinin 2027-ci ildə 57,5 milyard manat, 2028-ci ildə 61,7 milyard manat, 2029-cu ildə 66 milyard manat, 2030-cu ildə isə 70,7 milyard manat olacağı gözlənilir.


Müqayisə üçün qeyd edək ki, geniş pul kütləsi 2023-cü ildə 45,1 milyard manat, 2024-cü ildə isə 46,5 milyard manat təşkil edib. 2025-ci ildə bu göstəricinin 49,9 milyard manat səviyyəsində olacağı qiymətləndirilir.

Bundan əlavə, milli valyutada pul kütləsinin də artacağı gözlənilir. BVF-nin proqnozlarına əsasən, bu göstərici 2026-cı ildəki 43,5 milyard manatdan 2031-ci ildə təxminən 64,9 milyard manata çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin