Bolqarıstan Futbol İttifaqı “Lokomotiv Qorna Oryahovitsa” klubunun 15 yaşlı qapıçısı Aleksandr Stoyanovu ağır cəzalandırıb.
Bizim.Media xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, buna səbəb futbolçunun matçdan sonra hakimə hücum etməsi olub və o, iki il müddətinə diskvalifikasiya edilib.
Hadisə “Sofiya Klub Nasional”la 0:3 hesabı ilə başa çatan oyundan sonra baş verib. Hakim Vladimir Velevin qərarlarından narazı qalan Stoyanov final fitindən sonra onun belinə və başına bir neçə dəfə zərbə endirib. Komanda yoldaşı müdaxilə edərək qapıçını hakimdən uzaqlaşdırıb.
Bolqarıstan Hakimlər Assosiasiyası futbolçunun ömürlük diskvalifikasiya olunmasını tələb etsə də, yaşı buna imkan verməyib. Nəticədə Stoyanova mümkün olan ən ağır cəza - iki illik diskvalifikasiya tətbiq olunub.
Hadisəyə görə “Lokomotiv”in köməkçi məşqçisi iki oyunluq cəza alıb və 387,50 avro cərimələnib. Qarşıdurma zamanı qırmızı vərəqə alan Svilen Veselinov və Stefan Çukurliev də iki oyunluq diskvalifikasiya ediliblər.
Bizim.Media
































































































