“Sabah” – “Hapoel” oyununda şanslar bərabərdir. Bizi iki maraqlı qarşılaşma gözləyir.
Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Sumqayıt”ın israilli futbolçusu Roi Kehat UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və “Hapoel” (Ber-Şeva) komandaları arasında keçiriləcək oyunlarla bağlı danışarkən deyib.
Yarımmüdafiəçinin sözlərinə görə, Ber-Şeva təmsilçisinin əvvəllər avrokubokların qrup mərhələsində oynaması bu komanda üçün cüzi üstünlük yarada bilər:
“Hər iki komandanın oyun üslubu oxşardır. Yüksək tempdə pressinq etməyi və meydanın ön hissəsində təzyiq göstərməyi sevirlər. Həmçinin hücumların qurulmasına qapı xəttindən başlayır və uzun ötürmələrdən daha az istifadə edirlər.
“Hapoel” 8 ildən sonra yenidən İsrail çempionu olub. Güclü, hazırlıqlı, intizamlı və təşkilatlanmış komandadır. “Sabah” da çox yaxşı kollektivdir. Matça yaxşı hazırlaşacaqlar və meydanda nə etməli olduqlarını bilirlər. Düşünürəm ki, Azərbaycan təmsilçisi öz oyun üslubunu qoruyub saxlamalıdır. Futbolçular bu üsluba inanırlar və eyni yanaşmanı davam etdirmək onlara əlavə inam verəcək”.
Qeyd edək ki, “Sabah” “Hapoel”lə ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçını isə 25-də Bakıda keçirəcək.
Bizim.Media
































































































