Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyən Zaur və Elin Məmmədov qardaşlarının məhkəməsi başlamaq üzrədir.
Musavat.com-un reportyoru Məhəmməd Türkmən Apelyasiya Məhkəməsinin qarşısından xəbər verir ki, jurnalistləri hələ içəri buraxmayıblar. Prosesin qapalı, yaxud aşıq keçiriləcəyi bilinmir. Rektorun qızını döyənlər barədə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Əməkdaşımızın verdiyi xəbərə görə, xuliqanlıqda təqsirləndirilən gənclərin bir neçə yaxını məhkəmə binası qarşısında gözləyir.
Əməkdaşımızın verdiyi son məlumata görə, rektorun qızını döyən Zaur və Elin Məmmədov qardaşlarının anası Gülnarə Məmmədova jurnalistlərə açıqlama verib. O, öz övladlarının belə bir hadisə törədə biləcəyinə şübhə ilə yanaşdığını bildirib:
"Mən o videoda öz uşaqlarımı tanımadım. Onların üzü videoda görünmür."
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H. İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxmışdı. Hakimin bu qərarından prokurorluq protest vermişdi.
Qardaşların işinə ayrı-ayrılıqda baxılır. Onlardan birinin hakimi Sahibxan Mirzəyevdir. Qardaşların hər ikisi məhkəmədə iştirak edir.
Ü. İsayeva isə prosesə qatılmayıb.

































































































