Moderator.az xəbər verir ki, bu fikri baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənov bu gün Bakıda öz işinə başlayan ombudsmanların 12-ci beynəlxalq konfransındakı çıxışı zamanı bildirib:
"22 ildən artıqdır ki, Azərbaycan Ermənistan tərəfindən işğalla üzləşib və bir milyondan artıq məcburi köçkünün yarısı qadınlardı. Beynəlxalq təşkilatlar qadınların hüquqlarının qorunması ilə bağlı öz üzərlərinə çoxsaylı öhdəliklər götürsələr də buna əməl etmirlər. Əgər proses belə davam edərsə, o zaman dövlətlər bu təşkilatlardan imtina etmək zorunda qalacaqlar. Çünki bu təşkilatlar üzv ölkələrin üzləşdiyi problemləri həll etmək iqtidarında deyil. Ona görə də ölkələrin belə bir təşkilatlarda qalmasının mənası qalmır."
Əli Həsənov beynəlxalq təşkilatları tənqidini davam etdirərək bildirib ki, beynəlxalq təşkilatlar ayrı-seçkiliklə məşğul olur, təcavüzkarı, terrorçunu öz adıyla çağırmaqdan imtina edir:
"Nə qədər ki, onlar öz adlarıyla çağrılmayacaq, dünyada baş verən bütün bu hərc-mərcliklər davam edəcək." Əli Həsənov beynəlxalq təşkilatlara xitabən onu da bildirib ki, siz bizdən inciməyin, biz hələ ki, sizi tənqid etmirik, sadəcə olan faktları söyləyirik. Əgər proseslər belə davam edərsə, həqiqətən də beynəlxalq təşkilatların heç bir gələcəyi yoxdur.

































































































