ADP sədrinin birinci müavini Həsrət Rüstəmov son günlərin ən aktual mövzularından biri olan ABŞ səfirinin qalmaqal yaradan məlum müsahibəsindən sonrakı reaksiyalarla bağlı fikirlərini Moderator.az-a göndərib, onu oxuculara təqdim edirik:
"Ölkəmiz müstəqillik əldə edəndən son zamanlaradək Azərbaycanda fəaliyyət göstərmiş xarici diplomatlarla bağlı qalmaqal ilk dəfə deyil. Amma məhz ABŞ kimi dünyanı idarə edən supergücün nümayəndəsinə dövlətin ən yüksək rəsmilərinin dilindən bu cür sərt açıqlamalar indiyədək eşidilməmişdi. Məhz bu səbəbdən “görəsən nə baş verir?” sualı hadisədən məlumatlı olan hər kəsi- sıravi vətəndaşdan tutmuş siyasətçilərədək hamını düşündürməkdədir. Olay da zatən olduqca diqqətçəkəndir, bizim ölkənin rəsmiləri ABŞ-ın səfiri R.Morninqstara barmaq silkələyir, az qala onunla özlərinin fağır, hüquqsuz vətəndaşıyla davrandıqları kimi danışırlar.
Azərbaycan Prezident Adminstrasiya
rəhbərinin sərt münasibətindən sonra səfirin məlum müsahibəsini təkrar iki dəfə
oxudum. Açığı, ölkəmizin rəsmilərini bu dərəcədə əsəbləşdirəcək, Azərbaycanla
ABŞ arasında diplomatik qalmaqala səbəb ola biləcək ciddi məqamları tapa bilmədim.
ABŞ səfiri ölkəmizdə olduğu müddətdə ilk dəfə olaraq onun ölkəsinin özünə
başlıca prioritet seçdiyi insan hüquqları və əsas azadlıqlar barəsində bizim “həqiqətlər”imizi
o qədər də sərt olmayan dildə tənqid etmiş, bu zaman jurnalistin təkidli
sorğularına baxmayaraq çox da dərinə getməmiş, diplomatik mesajlar verməklə
kifayətlənmişdir. Üstəlik, Azərbaycanda hakimiyyət təmsilçilərinin heç də
hamısının demokratiya əleyhinə olmadığını vurğulamış, ölkə prezidentini də
demokratik islahatlar tərəfdarı kimi təqdim etmişdir. Səfir həmçinin Azərbaycanın
geosiyasi təhlükəsizliyi kimi mühüm məsələyə də toxunmuş və son zamanlar daha
da gərginləşən münasibətlər zəminində keçmiş sovetlər məkanındakı təhlükəsizlik
və demokratik inkişafın qarantı kimi öz ölkəsini və Qərb dövlətlərini ünvan olaraq
göstərmişdir.
ABŞ kimi təkcə öz ölkəsində
deyil, bütün dünyada insan hüquq və azadlıqlarının bərqərar olunmasını başlıca
məqsədi elan edən bir dövlətin səfirindən bu cür açıqlamalar eşitməkdən daha təbii
nə ola bilər görəsən?! Azərbaycan təmsilçilərinin aqressiv münasibətinin kökündə
nə dayanır? Axı indiyədək ABŞ və Avropa ölkələrinin təmsilçilərinin ölkəmizə
yönəlik tənqidi çıxışlarına bu cür münasibətin şahidi olmamışdıq. Bu və digər
cavabsız qalan çoxlu suallara ölkə boyu politoloq və jurnalistlər cavab tapmağa
çalışırlar. Ağlabatan, nisbətən inandırıcı cavab versiyaları da səslənməkdədir.
Hətta baş verənlərin hansısa geosiyasi oyunun imitasiyası olması versiyası da
var. Bütün versiyaların içərisində ən ağlabatanı isə səfirin “Rusiya qarşısında
Azərbaycanın suverenliyi üçün kim səsini ucaldar, o zaman arxasında kim dayanar
ABŞ və Avropadan başqa?!” cümləsinin yaratdığı qıcıq və qorxudur. Putin
Rusiyasının Ukraynanın müstəqilliyi və suverenlyi üçün yaratdığı təhlükələrin
fonunda ABŞ səfirinin narahatlığı başadüşüləndir. İk növbədə ona görə ki,
ABŞ-ın və müttəfiqlərinin Azərbaycanda böyük miqdarda yatırımları var və məlum
ssenarinin bizə təsiri aktivləşərsə bu yatırımların taleyi sual altına düşə bilər.
Azərbaycan məmurlarının reaksiyası isə başadüşülən deyil. Hətta deputat Z.Oruc
ABŞ səfirinə cavab verərkən bu ölkəni rusların gəlib onların neft çıxardığı
buruqları tutması ilə qorxutmağa çalışıb. Guya rusların tutacağı neft buruğu
bizim yox, təkcə amerikalıların imiş. Qəribə məntiq olsa da cavabsız qalan
sualların cavabı məncə elə buradadır. Belə ki, ABŞ səfirinə olan hücumların
hamısında səfirin Rusiyaya yönəlik açıq mətnli mesajının yaratdığı qorxu özünü çılpaqlığı
ilə biruzə verir. Azərbaycanın yerləşdiyi geosiyasi məkanda həqiqətən də mürəkkəb
və qorxulu oyunlar getməkdədir. Bizim dövlət müstəqilliyimizi və
suverenliyimizi qorumaq, işğal olunmuş ərazilərimizdə bunları bərpa etmək kimi
çox mürəkkəb və çətin vəzifəmiz var. Bu vəzifənin öhdəsindən gəlmək üçün mütləq
hansısa kənar dəstəyə ehtiyacımız var. Bu dəstəyi iki yerdən ala bilərik: ya
demokratik dünyadan - ABŞ və Avropadan, ya da totalitar, imperiyaçı Rusiyadan.
Nəzərə alsaq ki, yaşadığımız coğrafi məkanda bu qüvvələrin maraqları artıq sərt
şəkildə toqquşmağa başlayıb və seçim anı gəlib, onda səfirin qalmaqal yaradan
müsahibəsinin niyə məhz indi meydana gəlməsi tam aydın olur. Başqa cür desək,
ABŞ səfiri açıq mesajlar verir ki, Azərbaycan artıq mövqeyini müəyyən etməlidir.
Artıq Rusiya və Qərbin maraqlarının təmin edilməsi ilə aparılan balanlaşmış
xarici siyasət bitdi. ABŞ səfiri Rusiyadan bərk qorxan və ona görə də birdəfəlik
qərbyönümlü siyasi kursa keçməyə tərəddüd edən Azərbaycan hakimiyyətinə ictimai
basqılar yaratmağa çalışır. Azərbaycan rəsmiləri isə göstərmək istəyirlər ki,
onlar heç də ABŞ səfirinin dediklərini asanca qəbul etməyəcəklər, bunun
qarşılığında daha ciddi təminatlar, məsələn stabilliyin və hakimiyyətin
qorunması təminatını tələb edəcəklər. Hələlik görünən odur ki, bizim rəsmilər
ABŞ-ı uzaq dost, Rusiyanı isə yaxın düşmən kimi yemləməkdən əl çəkmək fikrində
deyillər. Səfirin müsahibəsində tez-tez istinad etdiyi insan hüquqları və
azadlıqların təmin olunması, demokratik inkişafla bağlı gözəl fikirlərin isə
yenə də təhlükəsizlik və iqtisadi maraqların arxasında qalacağı şübhəsizdir.
P.S. Cənab R.Morninqstar Bakıda
olduğu müddətdə bir dəfə özünü məhz ABŞ səfiri kimi apardı, onda da onu peşiman
etməyə çalışdılar. İnsan hüquqları və azadlıqlar mövzusu tez-tez xatırlansa idi
məncə bu günkü mənzərəyə şahid olmazdıq."






























































































