“Nə rus ordusunun Azərbaycana gəlişi, nə də Rusiyaya edəcəyimiz digər güzəştlərlə Qarabağı xilas etmək, işğaldakı torpaqlarımızın azadlığına nail olmaq mümkün deyil”.
Bu sözləri Moderator.az-a açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib. P.Hüseynin qənaətincə, bugünə qədərki hadisələrin təhlili də bu rus ordusunun Azərbaycana gəlişinin yaxşı mənada heç nəyi dəyişməyəcəyini göstərir:
“Rus qoşunlarının ölkəmizə gəlişi Azərbaycanın milli maraqlarına ziddir. Unutmaq olmaz ki, Azərbaycan erməni işğalına məhz rus qoşunları ölkəmizdə olduğu zaman məruz qalıb. Həmin vaxt bu faktor işğalın qarşısını almağa kömək etmədi. Bundan başqa, 1992-ci ilin may ayına kimi Azərbaycanda hakimiyyətdə rusiyapərəst qüvvələr olub və həmin vaxt da işğal prosesi davam edib. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan MDB-yə, indiki Avrasiya İttifaqı və Gömrük Birliyinun analoquna daxil oldu. Lakin bundan sonra da Azərbaycanın dörd rayonu işğal edildi. Bu səbəbdən də mən rus qoşunlarının Azərbaycana gəlişinin hansısa müsbət nəticə verəcəyinə inanmır və bunu düzgün hesab etmirəm”.
Seymur Əliyev
































































































