İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay Moderator.az-a açıqlamasında Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar və bu sanksiyaların rus iqtisadiyyatında doğuracağı fəsadlarla bağlı maraqlı fikirlər səsləndirib:
“Hazırda Ukrayna müstəvisində Qərblə Rusiya arasında savaş gedir. Bu savaş nə qədər uzansa, nə qədər soyuq müharibə formasında, yəni iqtisadi yöndə davam etsə, Qərbin xeyrinədir. Hətta bu savaş Qərbə Rusiyadan birə beş qat daha baha başa gəlsə belə, Rusiya uduzacaq. Cünki Qərb bir ölkə deyil. ABŞ və bütün Avropa daxil inkişaflı dövlətlərdir və Rusiyadan yüzlərlə qat maddi imkanlıdır.
Bir çoxları və xüsusilə, Rusiyapərəstlər qeyd edir ki, iqtisadi sanksiyalar Qərbin özü üçün də maddi itki deməkdir. Bu təbii ki, düzdür, həqiqətdir. Amma Qərb strateqləri bilirlər ki, bu itkilərdən Qərbin rahat çıxmaq üçün maddi resursu və imkanı var. Rusiya isə qısa müddətdə tamamilə belə iqtisadi silkələnmədən müvazinətini itirər.
Hətta Ukraynadaxili partizan müharibəsi və yaxud Ukrayna - Rusiya lokal müharibəsi də əslində Qərb və Rusiya arasında iqtisadi savaşdır. Qərb Ukraynaya rəsmi və qeyri rəsmi güclü maddi dəstək verməklə Rusiyanı qardaş slavyan milləti ilə bu oyuna çəkir sonda çökdürür.
Qərbin indiki anda əsas məqsədi Rusiyanı Ukrayna ziddiyyətinə cəlb etməklə onu başqa bölgələrə soxulmaqdan çəkindirmək və həm də bilavasitə NATO-Rusiya müharibəsindən yayınaraq atom silahının işə düşməsini önləməkdir”.
Seymur Əliyev


































































































