Fevralın 27-də bir qrup AXCP üzvü həbs edilib. Həmin gün bir neçə saat içində partiyanın 4 fəalı saxlanılıb. Onlardan üç nəfərinə məhkəmə hökmləri ilə inzibati həbs cəzası verilib.
Polis əvvəlcə AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənlini saxlayıb. Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat yayıb. Məlumatda deyilir ki, hadisə saat 17 radələrində baş verib. Polis Bəhruz Həsənlini saxlayarkən bildirib ki, onun öz avtomobili ilə adam vurduğu haqda məlumat var, aydınlaşdırmaq üçün idarəyə getməlidirlər. Bəhruz Həsənlini Suraxanı rayon Polis İdarəsinə aparıblar. Orada isə ona bildirilib ki, “adam vurma” məsələsi yoxdur, onu “yuxarıların” tapşırığı ilə saxlayıblar.
Bu məlumatları çatdırandan dərhal sonra Bəhruz Həsənli ilə telefon əlaqəsi kəsilib.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə “Azadlıq”a bildirib ki, Bəhruz Həsənli yol polisi ilə mübahisə edib və onun tələblərinə tabe olmayıb.
Beləliklə aydınlaşıb ki, Əli Kərimlinin mühafizəçisi polisə müqavimət adı ilə saxlanılıb. Bəhruz Həsənliyə 20 sutka həbs cəzası verilib.
Bəhruz Həsənlidən bir qədər sonra AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli saxlanılıb. Təzəxan Mirələmli evdən çıxarkən, onu iki polis nəfəri saxlayaraq, heç bir şey izah etmədən, Nərimanov rayon polis idarəsinə aparıblar. Sonra orda da heç bir şey demədən, protokol tətbiq edərək, 310-cu maddə ilə (polisə müqavimət) Nərimanov Rayon Məhkəməsinə aparıblar. T.Mirələmliyə 15 sutka həbs verilib.
Bəhruz Həsənli və Təzəxan Mirələmli fevralın 26-da Xocalı abidəsini ziyarətdən qayıdan AXCP sədri Əli Kərimliyə polis tərəfindən hücum zamanı onun müdafiəsində aktivlik etmişdilər. Hər iki şəxsin məhz bu səbəbdən hədəfə gəldiyini ehtimal etmək olar.
Fevralın 28-də isə AXCP Gənclər Komitəsinin sədri, AXCP Rəyasət Heyətinin üzvü “Azadlıq” qəzetinin əməkdaşı İlham Hüseynə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası verib.
Bundan əlavə fevralın 24-də isə AXCP-çi gənc Tofiq Dadaş həbs edilib. O, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 310-cu (polisə müqavimət) maddəsi ilə ittiham olunaraq 10 sutkalıq həbs cəzasına məruz qalıb. Tofiq Dadaşovun həbsinə səbəb isə Hacıbala Abutalıbovun xalqı təhqir etməsinə göz yummamışdı və “event” yaradaraq, insanları etiraz etməyə çağırmışdı.
AXCP Gənclər Komitəsinin “Facebook” rəsmi səhifəsində AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Elnur Məcidlinin evinin qarşısında 35-ci polis bölməsinin əməkdaşları dayandığı yazılıb. Onun həbs olunmaq təhlükəsi olduğunu deyirlər.
AXCP fəallarının həbsinə partiyanın sədr müavini Fuad Qəhrəmanlı münasibət bildirib. O, musavat.com-a açıqlamasında həbslərin səbəbini hakimiyyətin Ukrayna hadisələrindən təşvişə düşməsi ilə əlaqələndirib: “Bu həbslər siyasi repressiyadır. Hakimiyyət bununla cəmiyyətin gözünü qorxutmağa çalışır. Ukrayna hadisələrindən sonra çox ciddi şəkildə narahat oldular ki, birdən Azərbaycan cəmiyyətində də böyük canlanma ola bilər. Ona görə də heç bir əsas olmadan, birdən-birə Xalq Cəbhəsinə qarşı belə bir kampaniyaya başlayıblar. Ancaq bütün bunlar boşunadır. Bu həbslərin Xocalı soyqırımı gününün səhəri baş verməsi təsadüfi deyil. AXCP və Milli Şuranın həmin tədbirdə çox izdihamlı görünməsi hakimiyyəti narahat edib. Ona görə də öz aləmlərində guya önləyici tədbirlər görməyə başlayıblar. Amma hakimiyyət unudur ki, Azərbaycanda inqilabı hansısa siyasi təşkilat yox, xalq edəcək. Hakimiyyətə ən ağır zərbə xalq tərəfindən gələcək. Təbii ki, AXCP də Azərbaycan xalqının mənafelərini, maraqlarını təmsil edir. Digər tərəfdən cəmiyyətdə elə bir vəziyyət yaranıb ki, insanlar öz həyatlarına qıyırlar, intihar edirlər, ən acımasız formada özlərinə od vurub yandırırlar. Bu, Azərbaycanda həyatın dəyərsizləşdirilməsini göstərir. Ona görə də artıq intihara gedən insanların çoxluq təşkil etdiyi cəmiyyəti nəzarətdə saxlamaq mümkün deyil. Yəni hakimiyyət bu yolla, bu cür repressiyalarla dinc dəyişikliklərin, dinc mübarizənin qarşısını alır. Bu da cəmiyyətdə radikal partlayışlara, sosial partlayışlara gətirib çıxarda bilər. Ona görə də hakimiyyətdəkilər ağıllarını başlarına yığıb, bu cür repressiyalardan əl çəkməlidir. Öz xalqına qarşı bu cür repressiyalar artıq insanlarda qorxu yox, hakimiyyətə nifrət, qəzəb oyadır.”
Nərgiz Yaqublu
































































































