“Qaladərəsindəki filizlər qızıl kimi parlayırdı...” -"Monitorinq qrupu mütləq orada olmalıdır...”

Hazırda oxunan: “Qaladərəsindəki filizlər qızıl kimi parlayırdı...” -"Monitorinq qrupu mütləq orada olmalıdır...”

575217
“Həmin geoloji kəşfiyyat tunelini işləyən qurum rəsmən belə adlanıb: “Kiçik Qafqaz geoloji kəşfiyyat idarəsinin Sarıbulaq sənaye müəssisəsinin Laçın dəstəsi...”
 
 
Hazırkı alternativ Xankəndi-Şuşa-Laçın-Gorus yolu üzərində yerləşən Şuşa rayonunun hayklar yaşayan Kiçik Qaladərəsi kəndi yaxınlığında hələ sovet dövründə bir faydalı qazıntı şaxtası qazılması haqda yazmışdıq. Moderator.az üçün araşdırmamızdan sonra həmin şaxtada fəhlə kimi çalışmış şəxslərdən biri - Səməd Məhərrəmovla əlaqə yarada bildik. Onun söhbətindən və bizə təqdim etdiyi əmək kitabçasından 1978-1979-cu illərdə uzunluğu 1,5 km-dən çox olan həmin tuneldə qazıntı işlərinin konkret olaraq hansı geololoji müəssisə tərəfindən aparıldığını öyrəndik. Eyni zamanda S.Məhərrəmov bizə həmin şaxtadan çıxarılmış filiz parçalarının zahiri xüsusiyyətlərindən də danışdı...
Səməd Məhərrəmovun 17 yaşında – Laçın rayonu  Ağanus kənd orta məktəbini bitirdikdən sonra ilk iş yeri məhz bəhs etdiyimiz ermənilərin yaşadığı qonşu Kiçik Qaladərəsi(1991-ci ilədək rəsmən Kirov adlanıb) kəndi yaxınlığındakı geoloji kəşfiyyat şaxtası olub.  Onun əmək kitabçasında rus dilində yazılmış ilk qeydiyyatlara görə düz 44 il bundan öncə elə dekabrın bu ilk günlərində - 1 dekabr 1978-ci il tarixində Səməd bir neçə digər həmkəndlisi ilə birgə həmin şaxtada - Sarıbulaq sənaye müəssisəsinin Laçın dəstəsində “2-ci dərəcəli yol fəhləsi” ştatında işə başlayıb.  1 ay sonra – 1979-cu il yanvarın 1-dən eyni vəzifədə eyni dəstənin 39 nömrəli partiyasına keçirilib.  Həmin il fevralın 1-dən isə eyni partiyada 2-ci dərəcəli daşdoğrayıcı(“drabilşik”) vəzifəsində işini davam etdirib. 5 may 1979-cu il tarixindən isə hərbi xidmətə çağırıldığına görə işdən azad edillib...  
 
S. Məhərrəmovun əmək kitabçasındakı yazıların əvvəlində xüsusi olaraq qeyd edilir: “Kiçik Qafqaz geoloji kəşfiyyat idarəsində işə başlayanadək iş stajı olmayıb”. Buradan bəlli olur ki, onun fəhlə və daşdoğrayıcı kimi 6 aya yaxın çalışdığı iş yeri və yaxud o geoloji kəşfiyyat tunelini işləyən qurum rəsmən belə adlanıb: “Kiçik Qafqaz geoloji kəşfiyyat idarəsinin Sarıbulaq sənaye müəssisəsinin Laçın dəstəsi...”
S. Məhərrəmovun özünün sözlərinə görə, adı çəkilən Sarıbulaq sənaye müəssisəsi Kəlbəcər rayonu ərazisində yerləşib. Kəlbəcər rayonu ərazisində Tərtər və Tutqun çaylarının suayrıcında yerləşən Sarıbulaq dağı(3004 metr) olduğu bəllidir. Belə çıxır ki, sovet dövründə o dağın ərazisində geoloji kəşfiyyat işləri aparıldığından həmin müəssisə rəhbərliyi orada yerləşib. Laçın rayonunun Ağanus kəndinə qonşu ərazidəki Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi yaxınlığında filiz şaxtasını işləyən  isə eyni müəssisənin Laçın dəstəsi olub... Dəstədə təxminən 60-70 nəfər çalışıb... Bütün normal faydalı qazıntı şaxtalarında olduğu kimi, o tuneldə də qazılmış bütün süxurlar, o cümlədən filiz parçaları vaqonçalarla daşınırmış...
 
Ehtimal olunur ki, şaxta qazılan ərazi rəsmən Şuşa rayonuna və yaxud keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti(DQMV) ərazisinə deyil, Laçın rayonuna aid olduğu üçün geoloji axtarış işlərini aparan dəstə də rəsmən “Laçın dəstəsi” adlanıb. Özü də S.Məhərrəmovun sözlərinə görə, filiz şaxtasında iş görənlər arasında istər erməni, istərsə də rus milliyyətindən olan rəhbər əməkdaşlar yer almayıb. Çox güman ki, bəhs edilən ərazi keçmiş DQMV-yə aid olsaydı, orada mütləq erməni, yaxud rus mütəxəssislər də iştirak edərdi... 
 
Laçının tanınmış ictimai xadimlərindən olan, sovet dövründə rəhbər vəzifələrdə çalışmış Qəzənfər Hüseynov  Moderator.az-a açıqlamasında bildirib ki, bəhs edilən ərazidə geoloji qazıntılar aparılması haqda məlumatı olub. Lakin bildiyinə görə, həmin ərazi Laçın yox, Şuşa rayonuna aid edilib. Amma o illərdə Laçın ərazisindəki geoloji kəşfiyyat dəstələrindən birinin rəhbəri olmuş mərhum geoloq, yaxın dostu  Vaqif  Məmmədovla söhbətlərində o, Qaladərəsi yaxınlığındakı şaxtada qızıl olmasının ehtimal etdiyini bildirib... 
Sözügedən filiz şaxtasında fəhlə kimi çalışmış Səməd Məhərrəmov isə uzunluğu təxminən 1,5 km-dən çox olan həmin şaxtadan çıxarılan filiz parçalarının məhz qızıl kimi parıldadığını söyləyir. Eyni zamanda işlərə rəhbərlik edən geoloqlardan orada civə təzahürlərinin olmasını da eşidib. Həmsöhbətimizin bildiyinə görə, o işdən çıxıb hərbi xidmətə yollandıqdan sonra Kiçik Qaladərəsi yaxınlığındakı tuneldəki işlər hələ bir müddət davam edib. Sonradan şaxtanın ağzını bağlayıb möhürləyiblər və guya deyiblər ki, oranı ehtiyat yataq kimi saxlayırıq... Həmsöhbətimiz həmçinin xatırladıb ki, bir neçə il sonra bəhs edilən şaxtadan bir neçə kilometr məsafədə - Ağanus kəndinin cənub hissəsində, Turşsu mineral bulağının yaxınlığında, Qubadlı-Laçın yolu üzərindəki körpünün yanında da bir geoloji kəşfiyyat quyusu qazılıb və sonradan ağzı bağlanıb.  Amma maraqlıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən(ETSN) də aldığımız məlumata görə, deyilən ərazilərdə rəsmən heç bir yataq, mədən qeydə alınmayıb...
Xatırladaq ki, 1991-ci ilin mayında  Şuşa rayonunun Kiçik və Böyük Qaladərəsi kəndləri erməni terrorçularından təmizləndikdən və həmin ərazi tam şəkildə Azərbaycan hökumətinin  nəzarətinə keçdikdən sonrakı bir il müddətində nə azərbaycanlı mütəxəssislər,  nə də 1992-ci ilin mayından başlanan 30 ildən çox işğal müddətində işğalçı ermənilər tərəfindən sözügedən filiz şaxtasında hər hansı iş, istismar aparılması barədə heç bir informasiya qeydə alınmayıb. Sözsüz ki, Ermənistan hökuməti də, Qarabağdakı separatçı rejim də əvvəlcədən məlumatlı olduqları həmin tunellə maraqlanıb və öz mütəxəssisləri vasitəsi ilə orada nə olduğunu öyrənməyə çalışıb. Lakin görünür, əlavə iş görmək üçün texiniki, maliyyə imkanları çatmayıb, eyni zamanda xaricdən investor, sərmayə cəlb edə bilməyiblər...
 
Bütün hallarda bəhs etdiyimiz geoloji məkan və orada görülmüş işlər haqqında haqqında ETSN nəzdindəki Dövlət Geoloji İnformasiya Fondunda arxivləşdirilmiş informasiya olmalıdır. Və Azərbaycan ETSN-in və “AzerGold” şirkətinin bu günlərdə Xocalıda Rusiya “sülhməramlı”larının komandanlığıyla görüşmüş monitorinq qrupu mütləq Azərbaycan Respublikasının halalca hüquqi-tarixi torpaqları olan o ərazilərə daxil olmalı və digər məkanlarla yanaşı, Kiçik Qaladərəsi yaxınlığındakı filiz şaxtasını da tapıb deyilən məlumatları dəqiqləşdirməli və əgər doğrudandan orada qiymətli, yaxud nadir metal yatağı varsa, onu yaxın gələcəkdə istismar olunması üçün  rəsmən dövlət qeydiyyatına almalıdır... 
 
Mövzu üzrə araşdırmamız davam edir...
 
Sultan Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin