Alimlər müəyyən ediblər ki, kofein AMPK adlı qədim hüceyrə mexanizmini aktivləşdirir. Bu mexanizm hüceyrələrin stresə davamlılığında, DNT-nin bərpasında və böyümənin tənzimlənməsində mühüm rol oynayır. Bu proseslər isə qocalma ilə sıx əlaqəlidir.
Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri Microbial Cell jurnalında dərc olunub.
AMPK hüceyrənin bir növ “enerji sensoru” kimi fəaliyyət göstərir. Hüceyrədə enerji azaldıqda bu mexanizm aktivləşir və hüceyrəni böyümə rejimindən enerjiyə qənaət və “təmir” rejiminə keçirir. Bu sistem olduqca qədimdir: canlı orqanizmlərdə maddələr mübadiləsini 500 milyon ildən artıqdır tənzimləyir və mayalarda, heyvanlarda, eləcə də insanlarda oxşar şəkildə fəaliyyət göstərir.
London Kraliça Meri Universitetinin hüceyrə qocalması laboratoriyasından Con-Patrik Alaonun rəhbərlik etdiyi tədqiqatçılar bölünən mayaları araşdırıblar. Bu birhüceyrəli orqanizmlər sadə quruluşa malik olsalar da, insanlarla bir sıra mühüm bioloji mexanizmləri bölüşürlər.
Araşdırma zamanı məlum olub ki, kofein mayalarda məhz AMPK mexanizmini işə salır və hüceyrəni qocalmanın ləngiməsi ilə əlaqələndirilən rejimə keçirir.
Əvvəllər kofeinin təsiri əsasən digər böyümə tənzimləyicisi olan TOR zülalı ilə əlaqələndirilirdi. Yeni araşdırma isə kofeinin qocalma prosesinə dolayı yolla, AMPK vasitəsilə təsir göstərə biləcəyini göstərir. Bu nəticə kofenin maddələr mübadiləsinə və ömür uzunluğuna təsiri ilə bağlı müzakirə olunan bir sıra məsələləri izah etməyə kömək edə bilər.
AMPK mexanizmi alimlər üçün xüsusilə maraqlıdır. Çünki onu uzunömürlülüklə əlaqələndirilən digər amillər, o cümlədən metformin və fiziki fəaliyyət də aktivləşdirir.
Əgər kofeinin insanlarda da eyni sistemə təsir etdiyi təsdiqlənərsə, bu, müşahidə xarakterli tədqiqatlarda kofe içən insanlarda bəzi yaşla əlaqəli xəstəliklərin riskinin daha aşağı olması ilə bağlı nəticələrin mümkün mexanizmini izah etməyə kömək edə bilər.
Bizim.Media


































































































