4,9 min dollar (təxminən 8300 manat) qiymətinə və cəmi 500 nüsxəlik məhdud sayda buraxılan "Reef AL Giallo" uşaq arabası, "Lamborghini" və "Silver Cross" brendlərinin ortaq məhsuludur. Tirajı yeni "Revuelto SV" superkarından belə az olan bu model, artıq bir kolleksiya əşyası kimi qəbul edilir.
Bizim.Media "Carscoops" nəşrinə istinadla xəbər verir ki, istehsalçı brendin statusunu və məhsulun nadirliyini nəzərə alaraq, bütün partiyanın çox tez bir zamanda satılacağını gözləyir.
"Dizayn mirası" və "lüks obyekt" kimi təqdim olunan uşaq arabası "Lamborghini" avtomobillərində istifadə edilən eyni materiallardan – parlaq sarı tikişli dəri və zamşadan hazırlanıb. Körpənin təhlükəsizliyini təmin edən ventilyasiyalı polikarbonat beşik isə dizaynını məhz "Lamborghini" idman maşınlarından götürüb.
"Silver Cross" və "Lamborghini" tərəfindən yaradılan oturacaq yüksək keyfiyyətli zamşa və təbii bambuk liflərindən hazırlanıb və üzərində qabarıq Y-şəkilli naxışlar həkk olunub. Uşaq arabasının əyləc pedalı belə avtomobilin modelinə uyğun olaraq hazırlanmışdır.
Uşaq arabasının hər bir nüsxəsi xüsusi nömrələnmiş metal lövhə ilə təchiz olunub.


Bizim.Media








































































































