Azərbaycanda ictimai şəxslərin şəxsi həyatı bəzən onların ictimai fəaliyyətindən daha çox maraq doğurur. Siyasətçi, deputat, sənətçi və digər tanınmış şəxslərlə bağlı xəbərlərdə onların gördüyü işlərdən çox ailə həyatı, münasibətləri, geyimi və gündəlik yaşamı müzakirə olunur. Xüsusilə sosial şəbəkələrdə bu cür mövzuların daha çox diqqət çəkməsi şəxsi həyatla bağlı xəbərlərin sürətlə yayılmasına səbəb olur.
Bəs cəmiyyətin bu marağının səbəbi nədir və niyə ictimai şəxslərin fəaliyyəti deyil, şəxsi həyatı daha çox müzakirə olunur?
Mövzuyla bağlı psixoloq Nabat Mirzəyeva Bizim.Media-ya danışıb.
Onun sözlərinə görə, bu hal yalnız bizim ölkəyə deyil, bir çox ölkələrə xasdır:
“Çünki insan psixologiyası emosialardan ibarət şəxsi və gözlənilməz məlumatlara daha tez və daha çox reaksiya verir. Bir insanın fəaliyyəti ilə bağlı informatik məlumatlar daha çox diqqət çəkmir. Şəxsi həyatla bağlı məsələlər, yəni kiminlə evlənməsi, boşanması, kiminlə harada istirahət etməsi və bu kimi mövzular insanların daha çox maraq dairəsində olur”.
Psixoloq bildirib ki, insanlar bəzən də başqalarının həyatını izləməklə öz həyatlarını qiymətləndirirlər:
“Bir növ öz həyatları ilə müqayisə edirlər. Mən onun yerinə olsaydım, necə edərdim deyə öz həyat təcrübələrini də işə salırlar. Ona görə də şəxsi həyat ictimai fəaliyyətdən daha çox müzakirə olunur.
Sosial şəbəkələr insanlara təəssüf ki, bəzən məsuliyyətsiz və azad şəkildə öz fikirlərini ifadə etməyə imkan verir. Bundan istifadə edən bəzi şəxslər qarşıdakı insanın hansı hisslər keçirəcəyini düşünmədən çox incidici şəkildə rəylər yazırlar. Real həyatda insanların üzünə deyə bilməyəcəyi sözləri ekran arxasında rahat qeyd edə bilirlər. Şəxsi həyata toxunmaq doğru bir şey deyil, bu, onun şəxsi sərhədlərinə hörmətsizlik deməkdir. Biz insanların işi, peşəsi, fəaliyyətini müzakirə etməliyik”.
O qeyd edib ki, ictimai şəxslərin şəxsi həyatı müəyyən qədər maraq doğura bilər:
“İctimai maraqla şəxsi marağı ayırmaq lazımdır. Təəssüf ki, biz bəzən ictimai fiqurun nə etdiyini yox, onun necə yaşadığını müzakirə etməklə onun fəaiyyətini kölgədə qoyuruq. Bunun cəmiyyət üçün təhlükəsi odur ki, mahiyyət ikinci, görüntü birinci plana keçir. Cəmiyyətin şəxsi həyata marağının olması normal haldır. Şəxsi həyat ictimai fəaliyyəti əvəz etməyə başlayanda problem yaranır. Bir insanın şəxsi həyatını, maraqlı nüansı öz gördüyü işi ilə səhv salmamalıyıq. Unutmamalıyıq ki, ən çox danışılan məsələ ən dəyərli, ən vacib məsələ deyil”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:30 / 27.08.2026
İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?
Hazırda oxunan: İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?
Hazırda oxunan: İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?
633355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































