İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

Hazırda oxunan: İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

633365

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Samux rayonunun zəngin, amma çox mürəkkəb tarixi var. Kurqanları ilə çox məşhur olan bu rayonumuzda ən məşhurunun diametri 10-20 m, hündürlüyü 1-1,5 m olan Nəbiağalı kurqanıdır. Maraqlıdır ki, elə bu kurqanın adı (tapıldığı yerlə bağlıdır) bir vaxtlar rayonun mərkəzi qəsəbəsinə verilmişdi. Ümumiyyətlə isə bu kurqanların yaranma tarixi tunc dövrünün sonuna və daş dövrünün başlanğıcına aid edilir.

Rayonda yaşı yüzliklərlə ölçülən unikal təbii abidələr — çinar ağacları var. Bu ağaclardan birinin yaşı 1200-1300 ildir. Ağacın gövdəsində nal izinə oxşar izlər var. El arasında Düldül adı ilə məşhur olan bu ağac İslam dininin Şiə Təriqətinin ilk imamı Əlinin atının adı ilə belə adlanır.

Hazırda ziyarətgah olan bu əraziyə yerli və ətraf sakinlər nəzir verirlər.

Samux dünyada yeganə yerdir ki, quraqlığa və şoranlığa davamlı olan Eldar şamı təbii şəraitdə meşə halında bitir. Qoruğun şimal-şərqindəki dağda məşhur "Koroğlu qalası" qülləsi, həmin qüllənin yaxınlığında isə müalicəvi əhəmiyyətə malik olan bulaq var.

Albanların ov yeri

“Samux” sözü qədim alban dilindən “ov üçün meşəlik yer” kimi tərcümə edilir. Ərazi antik dövrlərdə Qafqaz Albaniyasının tərkibində olub. Həmin dövrlərdə isə çaylarla zəngin ərazinin ətrafı sıx meşəlik olduğu üçün ov eləməyə ən uyğun məkan sayılırdı. XVIII əsrdə isə Gəncə xanlığının dörd vilayətindən biri olan Samux xanəgahın da sevimli ov oylağına çevrilmişdi.

Bir məqam da var ki, o vaxtlar Samux mahalı Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabırrı vadiləri arasında Kür çayının sahilindəki ərazini tuturdu. 1939-cu ildən 1959-cu ilə qədər isə rayon Səfərəliyev adını daşıyıb.

Kimdir bu Səfərəliyev?

Samuxun adını daşıdığı Xanlar Səfərəliyev məşhur inqilabçı olub (1885-1907). Onun adı sovet dövründə indiki Göygöl rayonuna (Xanlar rayonu) verilmişdi. 1948-ci ildən başlayaraq Mingəçevir su-elektrik stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalmış, qalan hissə Gəncə şəhərinə birləşdirilmişdi. 1963-cü ilin yanvar ayından etibarən keçmiş Səfərəliyev rayonunun ərazisi Xanlar rayonunun tərkibinə daxil edilmişdi. 1992-ci ildə rayon ərazisi genişləndiyindən ayrıca status verilərək adı yenidən kurqanlara bağlandı, yəni Nəbiağalı olaraq dəyişdirildi. 2008-ci ildə isə Nəbiağalı və Kolayır birləşdirilərək indiki Samux şəhəri yaradıldı.

Başqa mənbələrə görə isə “Samux” sözünü yayda ərazidən keçən isti küləklə əlaqələndirirlər.

“Azərbaycan dilinin onomastikası” adlı kitabda “Samux” adının zoonim mənşəli söz olub, at adı ilə əlaqədar olduğu bildirilir. Bəzi məlumatlara görə, adın birinci hissəsi “Sam” - öküzün boyunduruğuna keçirmək üçün düzəldilən ağac mənasını verir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin