Moskvanın qərbində, Kuntsevo rayonunda yerləşən "Moskvoretski" təbiət parkında hava hücumundan müdafiə (HHM) sistemlərinin quraşdırılması üçün xüsusi meydançanın hazırlandığı məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə peyk şəkillərinə istinadən OSINT analitiki Mark Krutov məlumat yayıb.
Ekspertin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri paytaxt Moskvada hər birinin sahəsi təxminən 4,5 hektar olan ən azı üç oxşar meydança yaradılıb və buralarda S-300/400 zenit-raket kompleksləri yerləşdirilib.
Eyni zamanda, "The Insider" nəşri də digər bir OSINT tədqiqatçısı "Jembob"un məlumatlarına əsaslanaraq bildirir ki, 1998-ci ildən bəri xüsusi mühafizə olunan təbiət ərazisi statusuna sahib olan Kuntsevo meşəparkında qırılan ağacların yerində "yeni S-400 zonası" yaradıla bilər.
"Sentinel-2" peykindən alınan şəkillərdə Pavlov küçəsindəki "Medik" stadionu yaxınlığında təmizlənmiş böyük bir sahə görünür. Analitiklər bu nöqtənin Moskvanın qərbində MKAD daxilindəki ən yüksək zirvələrdən biri olduğuna diqqət çəkiblər. Mark Krutov meşəlik ərazidə HHM kompleksləri üçün artıq beton "podyumlar"ın (meydançaların) qurulduğunu qeyd edib.
May ayında yerli sakinlər "Moskvoretski" parkında meşələrin qırılmasına qarşı etiraz aksiyaları keçiriblər.
Sakinlərin narazılığına cavab olaraq əraziyə gələn Moskvanın Qərb İnzibati Dairəsinin prefekti Aleksey Aleksandrov isə kəskin reaksiya verib:
"Hərbi obyekt tikilir, sizə daha nəyi izah etmək lazımdır? Hamını polisə aparın, orada izah edərsiniz. Vəssalam, rədd olun buradan!" – deyə o bildirib.
Peyk görüntülərindən aydın olur ki, mühafizə olunan zonada işlər iyunun ortalarında başlayıb və iyunun 21-nə qədər meşədə artıq 290-ın 150 metrə ölçüdə düzbucaqlı bir meydança tamamilə təmizlənib. Ən yaxın yaşayış binalarına məsafəsi cəmi 800 metr olan bu sahəyə doğru yeni yol da açılıb.
Ekspertlərin rəyinə görə, hazırlanan bu zona Moskvanın digər kənarlarında yaradılmış poligonlarla tamamilə eynilik təşkil edir. Məsələn, 2023-cü ilin yanvarında Timiryazev Kənd Təsərrüfatı Akademiyasının təcrübə sahələrində, eləcə də "Sokolniki", "Losinı Ostrov" və "İzmaylovo" meşəparklarında artıq S-400 sistemlərinin yerləşdirildiyi təsdiqlənib.
Rusiya Müdafiə Nazirliyi və Moskva hökuməti Kuntsevo meşəsində qırılan sahədə hansı obyektin tikildiyi və orada HHM komplekslərinin yerləşdirilib-yerləşdirilməyəcəyi barədə hələlik heç bir şərh verməyib.
Bizim.Media

































































































