ABŞ Prezidenti Donald Tramp şənbə günü gecə saatlarında özünün "Truth Social" sosial şəbəkəsində sirli bir sarışın qadının arxiv fotosunu paylaşaraq böyük maraq və müzakirələrə səbəb olub. Ağ-qara fotoya Tramp olduqca lakonik – "Heyrətamiz qız" (Stunning daughter) şərhini yazıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə istifadəçiləri və ekspertlər fotodakı qadının kimliyini dərhal müəyyənləşdirə biliblər.
Şəkildəki xanım Nyu-Yorkun tanınmış milyarderi, "Gristedes" supermarketlər şəbəkəsinin və "Red Apple Group" holdinqinin rəhbəri Con Katsimatidisin həyat yoldaşı Marqo Katsimatidisdir.
Foto 1990-cı illərin sonu və ya 2000-cı illərin əvvəllərində, Bill Klintonun prezidentliyi dövründə ABŞ liderinin Kemp-Deviddəki rəsmi şəhərkənarı iqamətgahında çəkilib. Marqonun rəsmi saytında yer alan məlumata görə, o, vaxtilə həmin rezidenturada "Everqrin" kapellasının (ibadətgahının) tikintisində mühüm rol oynayıb və Klinton ailəsi ilə yaxın dostluq münasibətlərində olub.
İnsayderlərin fikrincə, ABŞ Prezidenti bu tərif dolu sözləri Marqonun özünə deyil, onun qızı Andrea Katsimatidisə ünvanlayıb.
Katsimatidis ailəsi uzun illərdir Donald Trampın ən yaxın dostlarından və onun siyasi kampaniyalarının əsas maliyyə donorlarından biridir. Onların qızı Andrea Katsimatidis isə artıq on ilə yaxındır ki, Manhettendə Respublikaçılar Partiyasının yerli şöbəsinə rəhbərlik edir. O, Nyu-Yorkun siyasi elitasında nüfuzlu fiqurlardan biridir və Trampın ən sadiq, alovlu tərəfdarı kimi tanınır.
Trampın Marqo Katsimatidisin gənclik fotosunu paylaşaraq qızı Andreaya niyə eyham vurması və bu addımı məhz indi hansı kontekstdə atması isə hələlik sirr olaraq qalır.
Bizim.Media

































































































