Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Hazırda oxunan: Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

620582

Ukrayna ordusunun ötən gecə Krım körpüsünün hər iki tərəfində yerləşən hərbi-strateji və logistik obyektlərə endirdiyi uzaqmənzilli zərbələrdən sonra yarımadada ciddi enerji və yanacaq böhranı başlayıb.

Bizim.Media xəbər verir ki, Sevastopolun qondarma "qubernatoru" Mixail Razvojayev şəhərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlərin (fasiləli kəsintilərin) tətbiq olunduğunu elan edib.

Məlumata görə, elektrik şəbəkələrində baş verən ciddi zədələnmələr səbəbindən hazırda Krımın böyük bir hissəsi işıqsız qalıb.

Enerji böhranı ilə yanaşı, yarımadada yanacaq qıtlığı da pik həddə çatıb. Krımın ilhaq olunmuş administrasiyasının rəhbəri Sergey Aksyonov bəyan edib ki, yarımadadakı bütün avtomobil yanacaqdoldurma məntəqələrində (YDM) benzinin satışı tamamilə dayandırılıb.
 

Aksyonovun sözlərinə görə, həm nağd və nağdsız hesabla, həm də fiziki və hüquqi şəxslər üçün xüsusi talonlarla yanacaq buraxılışı dondurulub. Hazırda benzin və digər yanacaq növləri yalnız dövlət və xüsusi xidmət orqanlarının (təcili tibbi yardım, xilasedicilər, hərbi strukturlar və s.) nəqliyyat vasitələrinə verilir.


Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi açıqlama verərək, Krım körpüsü yaxınlığındakı dəniz logistikasına, Kerçdəki neft bazasına və Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə endirilən zərbələri təsdiqləmiş və bunu Rusiyanın hücumlarına qarşı "ədalətli cavab" adlandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin