Qalibafın rəhbərlik etdiyi və Abbas Əraqçinin da yer aldığı danışıqlar qrupu İsveçrəyə yola düşüb.
Bizim.Media bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.
Kanalın yaydığı məlumata görə, bu səfərdə İran Mərkəzi Bankın sədri Əbdülnasir Hemməti və Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri Kəni də iştirak edəcək.
Eləcə də xarici işlər nazirinin müavini Kazım Qəribabadi, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi və neft nazirinin müavini Həmid Burd da adıçəkilən şəxsləri müşayiət edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında bildirib ki, İsveçrə danışıqlarında qarşı tərəfin öhdəliklərinin necə yerinə yetirəcəyinə aydınlıq gətirilməsi və bu öhdəliklərin icrasının tələb olunması əsas məqsəddir. O qeyd edib ki, qarşı tərəfin əvvəlki öhdəliklərə əməl etməməsi səbəbindən bu şərt hələ reallaşmayıb və səfər məhz bu məsələyə aydınlıq gətirmək üçün həyata keçirilir.
Bəqai vurğulayıb ki, memorandumun birinci bəndi, yəni bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılması qarşılıqlı öhdəliklərin əsasını təşkil edir.
Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi İran ilə ABŞ arasında texniki danışıqların bazar günü İsveçrədə başlayacağını bəyan etmişdi.
Bizim.Media




































































































