Xəbər verdiyimiz kimi, Rusiyanın Krasnodar şəhərində yerləşən ticarət mərkəzlərindən birində 19 yaşlı gənc oğlan maçete (kənd təsərrüfatı aləti kimi istifadə edilən böyük bıçaq) ilə insanlara hücum edib.
Qeyd olunub ki, hadisə zamanı onlarla insan "West Mall" ticarət mərkəzində yerləşən Çoxfunksiyalı Mərkəzin (MFÇ - Rusiyada dövlət xidmətləri göstərən mərkəz) əməkdaşları tərəfindən xidməti otaqda gizlədiliblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, gizlənməyə imkan tapan bir gənc qız boyun nahiyəsindən yaralanıb.
Hadisə şahidləri bildiriblər ki, sığınacaqda gizlənən şəxslər çox qorxsalar da, yerlərini bəlli etməmək üçün səs çıxarmamağa çalışıblar. Şahidlər həmçinin ticarət mərkəzinin daxilindən gələn partlayış və qışqırıq səslərini eşitdiklərini vurğulayıblar.
Ticarət mərkəzinə hücum iyunun 20-də günorta saatlarında baş verib. Görünüşündən təxminən 19 yaşlarında olan bir gənc soyuq silahla ticarət mərkəzinə daxil olaraq ziyarətçilərə hücum edib. Onun həmçinin əldəqayırma partlayıcı (petarda) partlatdığı da bildirilir.
Hücum nəticəsində bir neçə nəfər yaralanıb, bir qadın isə həyatını itirib.
Hücum edən şəxs saxlanılıb. O, dindirilmə zamanı hücumu təkbaşına təşkil etdiyini və buna görə ona heç kimin pul ödəmədiyini etiraf edib.
Bizim.media



































































































