ABŞ və İran arasında hərbi-siyasi gərginliyin azaldılmasına yönəlmiş birbaşa danışıqların yaxın günlərdə İsveçrədə yenidən başlayacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Axios" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoff (Witkoff) artıq İsveçrəyə yola düşüb, digər amerikalı rəsmi nümayəndə Kuşner (Kushner) isə hazırda bu ölkədədir. İran tərəfindən isə xarici işlər naziri Abbas Əraqçinin şənbə günü İsveçrəyə səfər edə biləcəyi bildirilir, lakin rəsmi Tehranın bu barədə yekun qərarı hələlik tam dəqiqləşməyib.
Mənbələr qeyd edir ki, ABŞ-İran diplomatik təmasları İsrailin Livana endirdiyi hərbi zərbələr səbəbindən təxirə salınmışdı. Tehran rəsmiləri Vaşinqtonla dialoqun davam etdirilməsi üçün Livanda atəşkəsin təmin olunmasını əsas və rəsmi şərt kimi irəli sürüblər.
Artıq danışıqların keçiriləcəyi İsveçrəyə ABŞ və İran arasında əsas vasitəçi qismində çıxış edən Qətərin Baş naziri də gəlib. Tərəflərin Yaxın Şərqdəki mövcud böhranı və gərginliyi azaltmaq üçün diplomatik masaya əyləşəcəyi gözlənilir.
Bizim.Media




































































































