Fransanın “İlon Maskı” övladlarını mirasdan məhrum etmək istəyir - SƏBƏB

Hazırda oxunan: Fransanın “İlon Maskı” övladlarını mirasdan məhrum etmək istəyir - SƏBƏB

617566

Uzaq sağçı siyasi baxışları ilə tanınan fransız milyarder Pyer-Eduar Sterin qanunvericiliyin dəyişdirilməsi xahişi ilə senatorlara müraciət edib.

Bizim.Media xəbər verir ki, iş adamı bütün pulunu xeyriyyəçiliyə köçürmək üçün beş övladını mirasdan tamamilə məhrum etmək istəyir.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Senatda keçirilən ictimai dinləmələr zamanı 52 yaşlı sahibkar bildirib: "Mən bütün sərvətimi xeyriyyə məqsədlərinə bağışlamaq istərdim. Fransa qanunvericiliyinə görə, aktivlərimin dörddə üçü məcburi qaydada övladlarıma keçməlidir. Lakin mən hər kəsin öz əmlakı üzərində istədiyi kimi sərəncam vermək hüququnun tərəfdarıyam".

Fransada mövcud olan vərəsəlik qaydalarının kökü məşhur Napoleon Mülki Məcəlləsinə gedib çıxır. Orada "məcburi miras payı" (réserve héréditaire) anlayışı təsbit edilib.

Bu qanuna görə, uşaqlar ciddi hüquqi müdafiəyə malikdirlər: valideyn sadəcə olaraq onları vəsiyyətnamədən silə bilməz.

Bu yanaşma bir çox kontinental Avropa ölkələrində mülki hüququn əsasını təşkil edir. ABŞ və ya Böyük Britaniyada isə anqlo-sakson hüquq sistemi qüvvədədir və orada insan bütün sərvətini hətta sevimli itinə də vəsiyyət etməkdə azaddır.
 

Sterin fərdi sektorun maliyyələşdirilməsi və bunun dövlət siyasətinə təsirini araşdıran parlament komitəsi qarşısında çıxış edib. Milyarder vergi mühaciri statusu ilə yaşadığı Belçikadan videoəlaqə vasitəsilə ifadə verib. Bir il əvvəl onun Milli Assambleyadakı dinləmələrə şəxsən gəlməkdən imtina etməsi qalmaqala səbəb olmuşdu — həmin vaxt iş adamı ölüm təhdidləri və təhlükəsizlik risklərini əsas gətirmişdi.


Pyer-Eduar Sterin olduqca ekssentrik bir fiqurdur. Biznes mühitində onu tez-tez "Fransız İlon Maskı" adlandırırlar.

"Moneyweek" maliyyə nəşrinin jurnalistləri müəyyən ediblər ki, milyarder ətrafındakı bütün insanları xüsusi bir "Excel" cədvəlində 10 ballıq şkala ilə qiymətləndirir. Üstəlik, hazırkı həyat yoldaşı Amandinə evlilik təklifi etməzdən əvvəl, onun namizədliyini "evliliyə yararlılıq kriteriyaları"nın sərt yoxlama siyahısından keçirib.

"Bloomberg Billionaires Index"in versiyasına görə, Sterinin sərvəti təxminən 1.4 milyard avro dəyərində qiymətləndirilir. Onun zənginliyinin əsasını hədiyyə sertifikatları istehsal edən "Smartbox" şirkəti qoyub. Sterinin sözlərinə görə, o, valideynlərindən cəmi 5 000 avro start kapitalı götürərək bu biznesi kiçik bir franşizadan böyüdüb. Bu gün onun "Otium Capital" investisiya firması İT startaplarına, əyləncə parklarına və parfüm brendlərinə sərmayə qoyur.

Milyarder pullarını Fransada mühafizəkar, dini və sağçı ideyaların təbliği üçün aktiv şəkildə xərcləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin