Bill Qeyts illərlə ətrafında qurduğu xeyirxah botanik imici, sən demə, sərt riyazi hesablamanın və bütöv bir stilist komandasının çoxillik əməyinin nəticəsi imiş.
Bizim.Media xəbər verir ki, "The Wall Street Journal"ın yazdığına görə, "Microsoft"un 70 yaşlı təsisçisi uşaq verilişinin əfsanəvi və hər kəs tərəfindən sevilən aparıcısı Fred Rocersin — "Bizim qonşumuz Cənab Rocers" şousunun ulduzunun tam surəti kimi görünmək üçün ictimaiyyət qarşısında böyük pullar və vaxt sərf edib.
Bu məqsədə çatmaq üçün, tam məxfi şəraitdə hətta milyarderin bədən ölçülərini təkrarlayan xüsusi manekendən də istifadə olunub.
Qeytsin keçmiş və hazırkı əməkdaşları jurnalistlərə bildiriblər ki, şirkət ofisindən kənarda, ayrıca bir binada milyarderin üslubunu idarə edən əsl komanda mərkəzi fəaliyyət göstərib.
Orada neytral tonlarda olan eyni tipli geyimlərin "ehtiyatı" saxlanılırdı:
Yüzlərlə eyni formalı dairəvi və V-yaxalı cemper;
Onlarla klassik düyməli köynək və ciddi şalvar;
"Silver Lining Opticians" brendinə məxsus "Carbon" modelli ehtiyat eynəklər.
Stilistlər həftənin müxtəlif günləri üçün geyim dəstləri hazırlayır və Qeytsin xarici görkəminin nə dərəcədə "sülhsevər və səmimi" olduğunu qiymətləndirmək üçün onları xüsusi manekenə geyindirirdilər. Hər bir kütləvi tədbirdən əvvəl rəhbər heyətə seçmək üçün ciddi şəkildə təsdiqlənmiş, maksimum dərəcədə darıxdırıcı üç geyim variantı göndərilirdi.
Strategiya mükəmməl işləyirdi. 2019-cu ildə "YouGov" tərəfindən keçirilən sorğu göstərdi ki, Bill Qeyts insanların ən çox heyran olduğu tanınmış şəxslərin reytinqində birinci yeri tutub.
"Bu nəticə sadəcə fantastikdir və komandamızın gərgin əməyini və yaradıcılığını əks etdirir", — deyə "Gates Ventures" şirkətinin rəhbəri və Microsoft təsisçisinin sağ əli Larri Koen sızdırılmış daxili məktubunda lovğalanırdı.
Bundan əlavə, Qeytsin piarçıları televiziyadakı vizual məzmunu da diqqətlə izləyirdilər. Məsələn, onlar "Netflix"dən iki sənədli serialdakı kadrları redaktə etməyi tələb etmişdilər: bir halda müsahibə zamanı Qeytsin "turşumuş üz ifadəsini" kəsməyi, digərində isə milyarderin başının altında qalan və üzərində Berni Sandersin adı yazılmış lövhəni kadrdan çıxarmağı xahiş etmişdilər.
"Sviterli xeyirxah xeyriyyəçi" kimi diqqətlə quraşdırılmış imic, onun qalmaqallı maliyyəçi və seks-alverçisi Ceffri Epşteyn ilə əlaqələrinin təfərrüatları mətbuata sızmağa başlayanda tamamilə alt-üst oldu.
Qeyts Epşteynin cinayət sxemləri ilə hər hansı bir əlaqəsi olduğunu qəti şəkildə təkzib etsə də, onun reputasiyasına ağır zərbə dəydi. Vəziyyəti 2021-cü ildə Melinda Frenç ilə 27 illik evlilikdən sonra baş verən boşanma, həmçinin Qeytsin bu yaxınlarda iki rus qadını ilə eşq macərası yaşadığını etiraf etməsi daha da pisləşdirdi.
Məlum olub ki, hələ 2013-cü ildə Epşteyn bu gizli münasibətlərdən xəbər tutaraq Microsoft yaradıcısını şantaj etməyə cəhd göstərib (Qeytsin nümayəndələri o vaxt bu bəyanatları "absurd və tamamilə yalan" adlandırmışdılar).
Artıq 10 iyun 2026-cı ildə Bill Qeyts ABŞ Konqresinin komitəsi qarşısında Ceffri Epşteyn ilə əlaqələrinə dair rəsmi ifadə verməlidir. Milyarderin özü isə israrla bildirir ki, dünyasını dəyişmiş vasitəçi ilə yalnız bir məqsədlə — onun vasitəsilə öz xeyriyyə fondu üçün zəngin donorlar tapmaq üçün ünsiyyətdə olub. Lakin indi konqresmenlər qarşısında bəraət qazanmaq üçün o, sadiq manekeninin və trikotaj sviterlərin sehrinin köməyindən məhrum olacaq.
Bizim.Media

































































































