Kiyevə endirilən kütləvi hava zərbələri nəticəsində 20 nəfər xəsarət alıb, onlardan 12-si xəstəxanaya yerləşdirilib. Bir nəfər isə həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko bildirib.
Dağıntı olan ərazilərdə axtarış tədbirləri davam edir.
04:14
Kiyevə hava hücumları nəticəsində paytaxtın Podol rayonunda qeyri-yaşayış təyinatlı binada yanğın baş verib.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” səhifəsində bildirib.
Bundan başqa, raketin qalıqları çoxmərtəbəli yaşayış binasına düşərək dağıntılara səbəb olub. İlkin məlumata görə, dağıntılar altında insanların qaldığı ehtimal edilir. Hadisə nəticəsində yaralananlar var.
Obolon rayonunda isə pilotsuz uçuş aparatının qalıqları uşaq bağçasının ərazisinə düşüb. Həmçinin avtomobil dayanacağında yanğın baş verib.
Şevçenko rayonunda yaşayış binasının ikinci və üçüncü mərtəbələrində yanğın qeydə alınıb.
03:35
Bu gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava zərbələri endirir.
Kiyevə əsasən ballistik raketlərlə zərbələr endirilir və hazırda şəhərdə güclü partlayış səsləri eşidilməkdədir.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko əhalini sığınacaqlarda qalmağa çağırıb.
Dağıntılar, həmçinin itkinin olub-olmaması barədə hələlik məlumat verilməyib.
Hava zərbələri davam edir. Hazırda Kiyevdə enerji böhranı yaşanır.







Bizim.Media






































































































