XVIII əsrdən bəri ABŞ və Fransa arasında davam edən diplomatik əlaqələrdə geyim və üslub hər zaman güclü bir siyasi mesaj vasitəsi olub.
Bizim.Media xəbər verir ki, "WWD" və "The Wall Street Journal" kimi nüfuzlu nəşrlərin təhlillərinə görə, hər iki ölkənin birinci xanımları dəbi vizual siyasi dilə çevirməyi bacarıblar.
Hələ ABŞ-ın ilk birinci xanımlarından olan Dolli Medison (Dolly Madison) Jofezina Bonapartın üslubunu kopyalayaraq Paris dəbini Vaşinqtona gətirmişdisə, sonrakı dövrlərdə bu transatlantik münasibətlər daha peşəkar müstəviyə keçib.
Dəb diplomatiyasını zirvəyə daşıyan şəxs şübhəsiz ki, Jaklin (Ceki) Kennedi olub.
Fransız mədəniyyətinin pərəstişkarı olan Ceki 1961-ci ildə Parisə səfəri üçün Hübert de Jivanşiyə (Hubert de Givenchy) müraciət etsə də, yerli istehsalı dəstəkləməli olduğu üçün ABŞ dizaynerlərinə fransız kəsimlərini kopyalatmalı olurdu.
Ekspertlərin fikrincə, Kennedi televiziyanın kütləviləşdiyi dövrdə sadə kəsimli və parlaq rəngli geyimləri ilə fotolarda dərhal seçilməyi hədəfləyirdi. Bənzər taktikanı Fransada prezident Jorj Pompidunun xanımı Klod Pompidu da tətbiq edərək İv Sen-Loran və Pyer Karden kimi gənc dizaynerləri irəli çəkməklə ölkəsinin avanqard ruhunu nümayiş etdirirdi.
ABŞ-ın birinci xanımları — Nensi Reyqan, Mişel Obama və Melaniya Tramp (adətən "Dior"a üstünlük verir) xarici səfərlərində ev sahibi ölkənin brendlərinə hörmət əlaməti olaraq çeviklik nümayiş etdirsələr də, fransız birinci xanımları üçün bu məsələ qəti qanundur.
Fransa üçün lüks və dəb sənayesi nəhəng iqtisadi gəlir mənbəyi olduğundan Brijit Makron ("Louis Vuitton"), Karla Bruni ("Dior", "Chanel") və Bernadet Şirak yalnız yerli brendləri təbliğ edirlər. Hətta 2007-ci ildə Nikola Sarkozinin keçmiş xanımı Sesiliya Attiasın inauqurasiyaya İtaliyanın "Prada" donunda gəlməsi ölkədə böyük bir siyasi skandala çevrilmişdi.
Dəb xəbərçiləri qeyd edir ki, Mişel Obama geyim dilini fərqli bir formata keçirərək immiqrant və rəngli dərili az tanınan gənc dizaynerləri (məsələn, İzabel Toledo və Ceyson Vu) dünyaya tanıtdı.
Nensi Reyqan isə geyindiyi parlaq qırmızı rənglə bu çaları Respublikaçılar Partiyasının rəsmi simvoluna çevirməyi bacardı.
Moda tarixçiləri vurğulayırlar ki, geyim rəsmi bəyanatlar kimi birbaşa danışmasa da, siyasətdə lazımi əhval-ruhiyyəni yaradan və vizual gücü təmin edən "sakit musiqi" rolunu oynayır.
Bizim.Media


































































































