Səudiyyə Ərəbistanı ABŞ-ın Hörmüz boğazından gəmilərin keçidini təşkil etməyə yönəlmiş “Project Freedom” əməliyyatına dəstək verməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə NBC News ABŞ administrasiyasının iki anonim nümayəndəsinə istinadən məlumat yayıb.
Ər-Riyadın narazılığına səbəb Vaşinqtonun bu təşəbbüs barədə krallığı əvvəlcədən məlumatlandırmaması olub.
Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsində əməliyyatın başlanacağını elan etməsi Fars körfəzi ölkələri üçün gözlənilməz olub və Səudiyyə Ərəbistanı rəhbərliyini qəzəbləndirib.
Cavab addımı olaraq Ər-Riyad Vaşinqtona bildirib ki, ABŞ hərbçilərinin Şahzadə Sultan aviabazasından havaya qalxmasına icazə verməyəcək və Səudiyyə Ərəbistanının hava məkanından istifadəyə qadağa qoyacaq.
NBC News-un məlumatına görə, bundan sonra Trampın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı da vəziyyəti düzəldə bilməyib.
Nəticədə ABŞ lideri əməliyyatı müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.
Bizim.Media





































































































